İŞİD terror təşkilatının silahlıları Pakistanda azı 30 nəfərin ölümü ilə nəticələnən iki terror aktı həyata keçirdiklərini açıqlayıblar.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, silahlılar fevralın 7-də Pakistanın Bəlucistan əyalətində seçki qərargahında baş vermiş iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Son məlumatlara görə, terror aktları nəticəsində azı 30 nəfər ölüb, onlarla insan yaralanıb. Pişin şəhərində baş verən ilk partlayışda 18 nəfər ölüb, azı 30 nəfər yaralanıb. Bir saatdan az sonra Killa Seyfullah şəhərində "Camiyyət Üləma-e-İslam" partiyasının seçki qərargahında ikinci partlayış baş verib. Partlayış 12 nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb. Hər iki terror aktı separatçı və ekstremist qrupların yüksək fəallıq göstərdiyi Bəlucistan əyalətində baş verib.

Xatırladaq ki, fevralın 8-də Pakistanda mühüm parlament seçkiləri başlayıb. İctimai təhlükəsizlik on minlərlə polis əməkdaşı və təhlükəsizlik qüvvələri tərəfindən təmin edilir, bununla belə, ölkədə terror aktlarının baş vermə ehtimalı hələ də yüksəkdir. Bəlucistan əyalətində təkcə son bir həftə ərzində 20-dən çox terror aktı baş verib.