Gündəm / Dünya

"Rusiyanı öz silahları ilə vururuq" - Ukraynalı komandir

"Rusiyanı öz silahları ilə vururuq" - Ukraynalı komandir

 

Rusiya-Ukrayna müharibəsində hücumlar və münaqişələr gücləndikcə, Ukrayna ordusu ələ keçirdiyi rus tanklarını və silahlarını rus qoşunlarına qarşı istifadə etmək üçün dəyişdirir.

Kanal14.az xəbər verir ki, Amerikanın CNN televiziyası Kiyevdə ələ keçirilən Rusiya silah və hərbi texnikasının Ukrayna ordusunun istifadəsi üçün əsaslı təmir olunduğu hərbi obyekti nümayiş etdirib.

Obyektə rəhbərlik edən ukraynalı komandir Yuri Qolodov qarşıdurmalarda rus ordusuna qarşı Rusiya silahlarından istifadə etdiklərini ifadə edərək, "Dünən gecə ələ keçirdiyimiz 24 Uraqan raketini Ukrayna ordusuna göndərdik. İndi biz onlara öz raketlərini atırıq”, - deyə o bildirib.

69 yaşlı Qolodovun sözlərinə görə,  komandirlik etdiyi bölmənin vəzifəsi Rusiya ordusunun ağır silahlarını və tanklarını ələ keçirməkdir. Qolodov ələ keçirilən silah-sursat və zirehli texnika arasında Sovet İttifaqı dövründən qalma köhnə texnikanın da olduğunu, lakin Ukrayna ordusunun onlardan necə istifadə edəcəyini bildiyini deyib.

Təcrübəli ukraynalı komandir "Rusiya əsgərləri çox qorxur və ruhdan düşürlər. Bəziləri çox gənc və təcrübəsizdir, çoxları isə niyə burada olduqlarını anlamır”, - deyə ifadə edib. Əvvəllər Sovet İttifaqı donanmasında xidmət etdiyini və rus ordusunun imkanlarını bildiyini bildirən Qolodov "Rus ordusunun gücü bir mifdir”  deyə son olaraq bildirib.