Gündəm / Siyasət

Sülhməramlılar üçün Qarabağda çəmbər daralır - Rusiya Bakıya nə sözü verdi?

Sülhməramlılar üçün Qarabağda çəmbər daralır - Rusiya Bakıya nə sözü verdi?

"Moskvada Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik Bəyannaməsi dolayısı yolla Qarabağdakı məsələlərə də təsirini göstərəcək, xüsusən də Laçın dəhlizi məsələsində Azərbaycana dəstəyi olacaq, müəyyən qədər irəliləyiş əldə etmək olacaq".

"Kanal14.az" xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, Moskva Bəyannaməsi erməni separatçıları üçün sədd olacaq:

"Hazırda Qarabağda qalan erməni icması Ağdərə, Laçın istiqamətində, Xankəndi, Əsgəran ətrafında olanlar buradakı revanşizm fikirlərindən, əməllərindən, radikallıqlarından getdikcə əl çəkməli olacaqlar. Çünkü əgər burada Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik sənədi imzalandısa, təbii ki, burada hərbi əməkdaşlıqdan da söhbət gedir.

Nəzərə alsaq ki, sülhməramlılar hazırda Qarabağdadırlar, bu sənəddən sonra ümid edirəm ki, həm yanaşmalarında, həm öhdəliklərini yerinə yetirmək məsələsində özlərini müəyyən qədər düzəldəcəklər. Çünkü bu günə qədər sülhməramlılar müəyyən qədər lazım olmayan, səlahiyyətlərini aşan müdaxilələr edirdilər, öhdəliyinə düşməyən məsələlərlə məşğul idilər.

Azərbaycan tərəfi əgər müttəfiqliklə bağlı Bəyannaməni imzalayan iki tərəfdən biridirsə, bu, müəyyən qədər Azərbaycanın orada qoyduğu tələblərə, onun maraqlarına xidmət də etməlidir. Heç şübhə etmirəm ki, dövlət başçımız Moskvada rusiyalı həmkarı ilə danışıqlar zamanı sülhməramlılarla bağlı mövzuya da toxunub.

Düzdür, çoxları bu Moskva Bəyannaməsini və Şuşa Bəyannaməsi ilə müqayisə edirlər, amma mən müqayisə etməzdim. Şuşa Bəyannaməsində hər iki ölkə öhdəlik götürüb ki, əgər hansınınsa təhlükəsizliyinə təhdid olacaq hər hansı bir vəziyyət yaranacağı halda digər ölkə onun ərazi bütövlüyünün, toxunulmazlığının təmin edilməsində yardım etməlidir. Bu məsələ bizim Rusiya ilə imzaladığımız sənəddə fərqlidir: tərəflərdən hər hansının birinin ərazi bütövlüyünə təhdid yaranarsa, həmin ölkə digər tərəfə müraciət edərsə, o müraciətə baxıla bilər. Bu baxımdan Moskvada imzalanan həmin o müttəfiqliklə bağlı sənəddəki bəndlər, öhdəliklər Şuşa Bəyannaməsindəki öhdəliklərlə eynilik təşkil etmir".