Gündəm / Siyasət

“Xankəndi, Xocalı məsələsində siyasi-diplomatik yol daha 20-30 il vaxtımızı almaz ki?..” - AKTUAL


Bir çox şərhçilərimiz hesab edir ki, hazırda Azərbaycanın əsas hədəfi Zəngəzur dəhlizi olmalı, Yuxarı Qarabağın Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. ərazilərində yurisdiksiyamızın bərpası ilə bağlı hələ bir müddət səbir göstərməliyik. Bəs həmin müddət ərzində Rusiya və digər xairci güclərin dəstəklədiyi düşmən qüvvələr adekvat tədbirlər görərsə, bu, bizim üçün problem yaratmaz ki?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov aşağıdakı fikirləri ifadə edib:

"Hesab edirəm ki, son dövrdə ABŞ-ın Əfqanıstandan çıxması və orada Türkiyəyə önəmli rol verilməsi məsələsinin regionda bir sıra parametrlərdə dəyişikliklərə səbəb olması Azərbaycanın həm Zəngəzur dəhlizi, həm də Yuxarı Qarabağdakı problemlərinin həllinə də öz təsirini göstərəcək. Nəzərə alaq ki, Əfqanıstanda Türkiyə kontingentinin tərkibində Azərbaycan sülhməramlıları da xidmət keçir…

Bəs Əfqanıstanın əhəmiyyətinin artmasının bizə dəxli nədən ibarətdir? Əvvəla, yadımıza salaq ki, Ermənistan əsrlər boyu Rusiya imperiyasının geo-siyasi oyunlarının aləti olub. İndi isə coğrafi baxımdan digər gərginlik zonaları yaranır ki, onlar Rusiya siyasətinə daha təsirli nöqtələrdir. Məsələn, Ukrayna-Türkiyə hərbi əməkdaşlığı… Neçə illərdir ki, Qərb, ABŞ söz versə də, Ukraynaya müdafiə silahından savayı bir şey verməyib. Ancaq Türkiyə artıq bu ölkəyə zərbə PUA-larının satmağa başlayıb. Odur ki, bu mövzu Rusiya üçün də geopolitik baxımdan çox ciddi mövzudur. İndi isə həmin mövzuya Orta Asiya, Tacikistan, Əfqanıstan mövzuları əlavə olunur. Ona görə də Ermənistan geo-siyasi aktuallığını tamamilə itirir. Və həmişə olduğu kimi, Ermənistanın siyasi ambisiyaları qurban verilir. Elə indi də aqibəti eyni olacaq… Ona görə də hesab edirəm ki, Zəngəzur məsələsi həll olunacaq və eks-territorial dəhliz açılacaq. O ki, qaldı, Xankəndi və Yuxarı Qarabağın digər yaşayış məntəqələrinin məsələsinə, bəli, bir sıra xarici qüvvələr çalışır ki, elə əsas gərgin problemlər məhz Qarabağ bölgəsində olsun. Və təbii, biz başa düşürük ki, həmin istəklərin reallaşıb-reallaşmaması birmənalı olaraq Rusiyanın mövqeyindən asılıdır. Bu şəraitdə Azərbaycanın siyasi baxımdan əsasən iki yolu var; ya qarşıdurma, konfrontasiya yolunu seçməli, ya da siyasi-diplomatik dialoqu davam etdirmək və böyük bir geopolitik alverin hansısa məqamını gözləyərək öz siyasi məqsədlərinə nail olmaqdır. Zənnimcə, ikinci yol bizim üçün daha uğurlu ola bilər…"

"Yuxarı Qarabağın qalan hissəsinin azad olunması məsələsində siyasi-diplomatik yol seçməyimiz yenə də ATƏT-in Minsk Qrupunun 30 illik başqatması kimi onillərlə, 20-30 il vaxtımızı almayacaq ki” sualını isə politoloq belə cavablandırıb.

"Bilirsiz, mən ekstrasens və ya falçı deyiləm, söyləyəm ki, məsələ 2-3 ay və ya 2-3 il, yaxud 4-5 il ərzində həllini tapacaq… Amma bütün hallarda göz önündə olan bir neçə gerçəklik var. Əvvəla, məlumdur ki, Yuxarı Qarabağdakı separatçı meyillərin mənbəyi əsasən Ermənistandır. Odru ki, hazırda Azərbaycanın əsas vəzifəsi Ermənistandan gələn həm siyasi-ideoloji dəstəyin və potensial köməyin qarşısını almaqdır. Və Yuxarı Qarabağdakı separatçı rejim tam şəkildə izolyasiya şəraitinə düşməlidir. Bunun üçün isə ilk növbədə köçkün soydaşlarımızın işğaldan azad torpaqlara; Kəlbəcərə, Laçına, Qubadlıya, Ağdama və s. qayıdışını və daimi məskunlaşmasını təmin etməliyik. Bu prosesi tezləşdirməli və sürətləndirməliyik. Yəni Qarabağın ermənilər yaşayan hissəsinin, yəni Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. ətrafında Azərbaycanın real varlığı ciddi şəkildə hiss olunmalıdır. Bu mənada məskunlaşdırma məsələsi ən aktual məsələdir. Yəni biz gələcəkdə hansısa siyasi, yaxud hərbi hücumlara hazır olmaq üçün həmin ərazidə mövqelərimizi hazırlamalıyıq” - deyə sabiq baş diplomat vurğulayıb.