Gündəm / Siyasət

Amerika Əfqanıstandan çıxandan sonra... - Azərbaycanın önəmi azalacaqmı?

Amerika Əfqanıstandan çıxandan sonra...
1 may-11 sentyabr tarixlərində ABŞ qoşunları Əfqanıstanı tərk etməlidir. Bu barədə Amerika prezidenti Co Baydenin qətiyyətli qərarı ortadadır. Onun qərarı Azərbaycanı da yaxından maraqlandırır. Çünki Əfqanıstanda terrorizmə qarşı mübarizə çərçivəsində Azərbaycan sülhməramlıları da xidmət edir.

KANAL14.AZ:- Maraqlıdır, ABŞ hərbçiləri Əfqanıstandan çıxdıqdan sonra Pentaqon üçün Azərbaycanın önəmi azalacaqmı? Əfqanıstandan başqa ölkəmiz ABŞ üçün bölgədə hansı layihələr üçün lazımlıdır? Burada İran faktoru varmı?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən önəmli tərəfdaşıdır: "Birləşmiş Ştatların öz qoşunlarını Əfqanıstandan çıxarması Azərbaycanın bu ölkə üçün əhəmiyyətini azalda bilməz. Azərbaycan bu gün ABŞ-ın Avropa üçün ağrılı saydığı ən mühüm bir problemin həllinə - Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhfəsini verən bir ölkədir. Artıq illərdir ki, Birləşmiş Ştatlar Qoca qitənin Rusiya qazından asılılığını azaltmaq üçün mümkün olan və olmayan bütün addımları atır. ABŞ-ın yeni administrasiyasının Rusiyanın ”Şimal 2" layihəsinin inşasını durdurmaq üçün göstərdiyi səylər isə dediklərimizin əyani təsdiqidir. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər hövzəsinin qaz ehtiyatlarının indikindən daha böyük həcmlərdə Avropaya ötürülməsi isə zaman məsələsidir.

Orta Asiya enerji resurslarının da Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması ABŞ-ın regionda strateji hədəflərindən biridir. İranla ABŞ arasında son onilliklər ərzində davam edən münaqişənin həllində Birləşmiş Ştatlar Azərbaycana xüsusi önəm verir. Bu sırada bir çox elə ciddi problemlər var ki, ABŞ bunları gələcəkdə məhz Azərbaycan üzərindən həll etməyi düşünür. Yəqin ki, hörmətli oxucularımız söhbətin mövzusunun nədən ibarət olduğunu duya bildilər. Bir sözlə, bu regionda ABŞ bizim və biz də ABŞ-ın strateji və əvəzolunmaz tərəfdaşlarıyıq. İnanıram ki, Qarabağ məsələsinin sona qədər ədalətli həlli yolunda da Birləşmiş Ştatlar öz sözünü yaxın vaxtlarda deyəcək. Çünki ABŞ Rusiya hərbiçilərinin Qarabağdakı mövcudluğunu haqlı olaraq normal hal saymır və heç şübhəsiz ki, onların Azərbaycan ərazisindən tezliklə rədd olub getmələrini istəyir və bu istiqamətdə gərəkən olanı da edəcəkdir".

Politoloq Məhəmməd Əsədullazadə ABŞ-la Azərbaycan arasındakı əlaqələrdə yeni bir mərhələnin başlandığını düşünür: "ABŞ 2001-ci ildə terrorizmlə mübarizə üçün daxil olduğu Əfqanistandan 1 may tarixində çıxmağı planlayıb. 20 il ərzində beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan da ABŞ-ın Əfqanistanda əməliyyatlarına lijistik dəstək verib və bu koalisiyada yer alıb. Bundan sonra ABŞ və Azərbaycan arasında yeni bir siyasi mərhələ başlayıb. Bu illər ərzində enerji, beynəlxalq terrorizm və Əfqanıstan siyasətində Bakı Vaşinqtonun strateji tərəfdaşı olub. Bu ölkə Əfqanistandan çıxır və İranla da nüvə sazişinə qayıdır. Bu o deməkdir ki, bu istiqamətdə ABŞ və Azərbaycan əlaqələri və əməkdaşlığı sona çatır. Biz son aylarda bu əməkdaşlığın zəiflədiyini görürük. Məhz cənab Prezident İlham Əliyev də ABŞ-ın regionla bağlı Qarabağ müharibəsindən sonra planının olmadığına təssüfləndiyini qeyd etdi. Artıq ABŞ və Azərbaycan əlaqələrində biz yeni bir əməkdaşlıq formatı tapmalıyıq. 20 il bundan əvvəl qurulmuş əməkdaşlıq platforması yeni dünya nizamında sona çatır. Biz ABŞ-la regionda enerji və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi prosesində əməkdaşlıq edə bilərik. Həmçinin ölkəmizin NATO ilə əlaqələrini gücləndirməklə, Qərb siyasətini prioritet etməklə, ABŞ -la təhlükəsizlik sahəsində dərin əməkdaşlıq mümkündür. ABŞ regionda Azərbaycanın oyunçu mövqeyini qəbul edəcək. Ümumiyyətlə, regionda da yeni bir nizam formalaşır. ABŞ-a bu nizamda yer almağa çalışacaq. Hazırda boşluqdur. Azərbaycan özü ABŞ təkliflər verməli və əməkdaşlığın müxtəlif spektrləri üzrə yeni bir prioritet seçməliyik. ABŞ və Azərbaycan əlaqələrinin inkişafı regionda təhlükəsizliyin təmininə töhfə verir. Bundan əlavə, Vaşinqtonla Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti istiqamətində manevr etmək üçün əməkdaşlıq etməliyik”.// "Yeni Müsavat”