Gündəm / Siyasət

Peskovun açıqlamaları aldadıcı manevrlərdir - ekspert

Peskovun açıqlamaları aldadıcı manevrlərdir
"Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı, yaxşı münasibətlərimiz var".
Bu sözləri Rusiyanın Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onların qarşılıqlı fayda gətirən xeyli sayda aspektləri ola bilər. Ermənistanla da çox yaxşı münasibətlərimiz var. Ermənistana əhəmiyyətli dərəcədə səmərə verən xeyli sayda inteqrasiya proseslərimiz var. Həm siyasi, həm iqtisadi. Baş verənlərə gəldikdə... Yəqin ki, Putinin müharibənin dayandırılmasındakı rolunu hər kəs xatırlamalıdır", - deyə Peskov qeyd edib.
Təsadüfi deyil ki, Rusiya rəsmiləri Azərbaycanla əməkdaşlıq və dostluq münasibətlərindən danışarkən Ermənistanı da yaddan çıxarmırlar. Rusiyanın Qərbə meyl edən Paşinyan hakimiyyətini necə əldə saxlamaq üçün can atdığı hər kəsə məlumdur.
İndi də Rusiya prezidentinin mətbuat katibi Peskovun belə bir açıqlama verməsi Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin Novruz bayramı ərəfəsində Azərbaycana etdiyi "jest"ə bir növ cavab, həm də bölgədə əvvəlki ab-havanı qorumaq istəyi olmalıdır.

Amma Rusiya bilməlidir ki, Azərbaycan dostu-düşməndən seçə bilən, siyasi və iqtisadi əməkdaşını, eləcə də dost, qardaş ölkələri yaxşı ayırd edir. Rusiya prezidentinin mətbuat katibinin açıqlamasını şərh edən politoloq Azər Rəşidoğlu "Şərq"ə danışarkən bildirdi ki, Rusiya heç vaxt əlaltısı olan Ermənistanla Azərbaycanın yerini dəyişə bilməyəcək:

"Rusiya hələ Vətən müharibəsi dönəmində qərbə meyl edən Ermənistana bildirdi ki, Rusiya olmasa Ermənistan çökər. Bu, istər tarixi, istərsə də siyasi baxımdan baş verər. Bu baxımdan mən inanmıram ki, Rusiya Ermənistanla Azərbaycanın yerini dəyişə bilsin.

Azərbaycan indi regionda əsas gücə sahibdir. Onun əsas tərəfdaşı isə Türkiyədir. Hələ müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək Rusiyanı bu reallığı qəbul etməsinə məcbur etdi. Yəni Rusiyada bir xəyal yaranmasın ki, guya, Rusiya Azərbaycanın arxasındadır.
Azərbaycanın enerji və digər sahələrdə qərbə açıq olması Rusiya və İranı narahat edir. Onlar Azərbaycanı özlərinin rəhbərlik etdiyi layihələrə cəlb etmək istəyirlər. Rusiya hələ də Ermənistanın arxasındadır və bu kimi açıqlamalar aldadıcı manevrlərdir.

Cənab pezidentin də dediyi kimi, milyonlarla dollar qiyməti olan silahları Ermənistana verən kim idi? Rusiya. Qarabağı işğal edib Ermənistana verən, bu qarşıdurmanı 30 il dondurulmuş vəziyyətdə saxlayan da məhz Rusiya idi.

Bu baxımdan Azərbaycanla Rusiya arasında dostluq və səmimi münasibətdən danışmaq hələ çox tezdir.

Əlbəttə ki, Rusiya böyük bir dövlətdir. Azərbaycanın yaxın qonşusudur və Azərbaycan da onunla əməkdaşlıq etməlidir.
Amma belə düşünürəm ki, Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyədir. Biz onlarla bundan da sıx əlaqələr qurmalıyıq".