Gündəm / Siyasət

Erməni ərköyünlüyündən doğan təhlükə və panika: - Rusiya öz sülhməramlı missiyasını niyə yerinə yetirmir?!

Kanal14.az: - "Hazırda vəziyyət tamamilə Artsax Müdafiə Ordusu və Rusiya sülhməramlılarının nəzarətindədir. Baş verənlər geniş miqyaslı müharibənin yenidən başlanması təhlükəsindən danışmaq üçün əsas vermir”.


Qondarma "DQR”-ın "xarici işlər naziri” David Babayan dünən bölgədə baş verən atışmalara və yaşanan panikaya münasibət bildirərkən belə deyib.
Babayanın fikrincə, nə qədər ki, Qarabağda rus sülhməramlıları yerləşib, böyük miqyaslı müharibə olmayacaq: "Bunu anlamalı, spekulyasiya etməməli və təşvişə düşməməliyik. Yalnız rəsmi məlumatlara, xüsusən "Artsakh müdafiə ordusu”nun məlumatlarına inanın. Müharibə mümkün deyil. Başa düşməliyik ki, bu, düşmənin təxribatıdır, bu cür təxribatlara əl atacaq, çünki bu onun üslubudur və bizim üçün yeni xəbər deyil”.
Qeyd edək ki, dünən axşam Qarabağdakı bir erməni postunda atışma baş vermiş və bölgədə yaşayan bütün ermənilər təşvişə düşmüşlər. Ermənilər iddia edirdilər ki, Azərbaycan hərbi qüvvələri separatçıların postlarına hücuma keçiblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib.
"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olublar. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”, - Nazirliyin məlumatında belə deyilir.
Bir sözlə, ermənilər xofa düşüblər. Onların bu cür xofa düşmələri isə səbəbsiz deyil. Çünki dünən axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olmuşdu. Dolayısıyla, ermənilər Azərbaycan tərəfindən qisas əməliyyatı gözlədikləri bir zamanda qanunsuz postlarda əylənən ermənilərinin sərxoşluğu nəticəsində çıxan insident bölgədə böyük panikaya yol açıb.
Qeyd edək ki, 10 noyabr Bəyanatına görə, ermənilər rus sülhməramlılarının yerləşdiyi məkanlarda paralel post qura bilməzlər. 10 noyabr Bəyanatının tələblərinə əməl olunmaması bu cür qalmaqalların yaranmasının əsas səbəblərindəndir.
Hər kəs öz postunda: erməni qadınları rus "sülhməramlıları” ilə tort yeyir, əyyaş ərləri isə "sərhəd qoruyur”.
Erməni silahlılarının qeyri-peşəkarlardan təşəkkül tapması və postların qorunmasına əsgərlərin deyil, orta yaşlı əyyaşların cəlb olunması faktı yalnız Qarabağda deyil, Ermənistan sərhəd zastavalarında da qeydə alınıb. Ermənistan mediası belə, bunu dəfələrlə etiraf edib və bu cür müdafiə səddinin qurulmasının böyük yalnış olduğunu vurğulayıblar. Düşmən ordusunun rəhbərliyi isə medianın haqlı iradlarını qulaq ardına vurur, postlara orta yaşlı əyyaşları göndərir. Çünki həmin ərazilərin rus sülhməramlıları tərəfindən qorunduğuna əmindirlər və özlərinin sərhəd keşikçilərinin simvolik məna daşıdıqlarının fərqindədirlər. Özünü "DQR-nın xarici işləri” adlandıran Babayanın yuxarıda bəhs etdiyimiz açıqlaması da bu arxayınlıqdan xəbər verir.
Zənnimizcə, erməni hərbi rəhbərliyi qanunsuz postlara göndərdikləri orta yaşlı əyyaşların qorxularını azaltmaq üçün onlara spirtli içkiləri qəsdən verirlər. Rus sülhməramlılarının arxasında gizlənən erməni əyyaşları isə post qorumağa yox, yeyib-içməyə getdiklərindən bu cür insidentlərin ortaya çıxması üçün münbit şərait yaranır.
Ən maraqlısı isə odur ki, erməni əyyaşlığından doğan bu cür insidentlər baş verən kimi, rus sülhməramlıları araya girib, ölkə başçısının təbirilə desək, "yolunu azmış vətəndaşlarımızın” səhvlərini kefliliklərinə keçməmizi xahiş edərək, saqqal tuturlar. Sanki sərhədlərimiz və Qarabağ içkili toy məclisi, rus "sülhməramlıları” isə toybəyidir.
Azərbaycan rəhbərliyi Rusiyaya Qarabağın və sərhəd bölgələrimizin alkoqolizmə qarşı reanimasiya müəssisəsi, sülhməramlılığın isə qarşı tərəfi ərköyünləşdirmək olmadığını başa salmalı və 10 noyabr Bəyanatının bütün şərtlərinin nöqtəbənöqtə yerinə yetirilməsini tələb etməlidir. Əks halda, Azərbaycanın öz ərazisində və sərhədlərində nizam-intizamı bərpa etmək hüququnun doğacağı Kremlin diqqətinə çatdırılmalıdır./Ovqat.com/