Gündəm / Siyasət

Erməni qövmünü otaran belə kukla-çobanlar qaldıqca sülh olmayacaq... - Bəlkə yenə “Difai” lazımdır?..

Erməni qövmünü otaran belə kukla-çobanlar qaldıqca sülh olmayacaq...
"Düşünürəm ki, dünən və bu gün, nəhayət, biz əmin olduq ki, Vətən (Ermənistan və Artsax) yad qüvvələrin hakimiyyəti altındadır. Bu səbəbdən də Vətənin azadlığı üçün bütün mübarizə metodları, formaları və vasitələri məqbuldur. Xüsusən də milli qurtuluş hərəkatı...”

Moderator.az xəbər verir ki, 1988-1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsində fəal iştirak etmiş terrorçu "Artsax qəhrəmanı” Arşavir Qaramyan "Facebook” səhifəsində belə yazıb.

"Əziz özlərini millətin bir hissəsi hesab edən həmvətənlərim, həmkarlarım və silahdaşlarım! Birləşib hərəkət etmək lazımdır. Əks halda tezliklə Türkiyə ilə münasibətlərin "düzəldilməsi" Ermənistan və Artsaxın fiziki cəhətdən yox olmasına gətirib çıxaracaq..." –deyə üzdəniraq "xalq qəhrəmanı” fikrinin davamında yazır.

Xatırladaq ki, keçmiş Əsgəran rayonunun Qarabulaq kəndindən olan cinayətkar, terrorçu A. Qaramyan Şuşa və Laçının işğalında da ciddi iştirak edib. Müxtəlif dövrlərdə o, qondarma separatçı rejimin "polis rəisi”, "baş prokuroru”, "təhlükəsizlik xidmətinin rəhbəri” "vəzifələrində” çalışıb...

P.S. Erməni qövmünü otaran və özü də Kremldən, Parisdən idarə olunan belə kukla-çobanlar qaldıqca bölgədə Qarabağda və ümumiyyətlə, güney Qafqazda sülh bərqərar olmayacaq. Bəlkə də erməniləri bu "yara”lardan qurtarıb müalicə etmək üçün yeni bir "Difai” lazımdır?..