Gündəm / Siyasət

“Qərb gec də olsa Rusiyaya qarşı birləşir” - GƏLİŞMƏ


Kanal14.az: - "Həyat bumeranqdır... Ermənistanın Rusiya ilə birlikdə 30 ildir Azərbaycana yaşatdığı Qarabağ kabusunu indi özü yaşamağa başlayıb. Azərbaycan Qarabağı azad etdikdən sonra Zəngəzuru da düşməndən geri almaq üzrədir. Ermənistanda son günlərin əsas mövzusu Zəngəzurdur. AĞ Partiya sədri Tural Abbaslının "Gələn Bahar bayramını Zəngəzurda keçirək” təbrikindən sonra erməni mediası böyük ajiotaj yaşadı. Tural Abbaslının bu təbriki erməni mediasında tirajlandı. Erməniləri dəstəkləyən tanınmış amerikalılar, fransızlar siyasətçinin məlum Zəngəzur təbrikini öz rəsmi səhifələrində paylaşıb SOS siqnalı çaldılar”.
Bu sözləri AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.

Ə.Məmmədli bu barədə daha ətraflı "Sherg.az”a danışdı:

"Azərbaycan Prezidenti İlham Əliyevin "101 ildən sonra Zəngəzura qayıdacağıq, Zəngəzur və İrəvan Azərbaycanın tarixi torpaqlarıdır, ermənilər istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq” sözlərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan qəflətən Zəngəzura səfər edib. Paşinyan gecə saatlarında Qafana gəlib. Paşinyanla birlikdə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də Zəngəzura səfər edib. Amerikalı səfir Sisianın meri ilə görüşüb. Üstəlik, bir neçə gündür ki, Ermənistanın prezidenti Armen Sarkisyan da Zəngəzurdadır. Zəngəzuru qaytarmaq üçün əlverişli, tarixi imkanlarımız var. Prezidentin Zəngəzurla və "İskəndər -M" raketləri ilə bağlı çıxışlarını təsadüfi saymıram. Dövlət başçısı raketlərlə bağlı israrla Rusiyanın üstünə gedir. Şuşadan vurulan "İskəndər”lərin Zəfər parkına gətirilməsini də Rusiyaya qarşı Bakının növbəti de-marşı saymaq olar. Rəsmi Bakı Rusiyaya qarşı adətən de-marş etmir. Əgər edirsə, deməli, daha ciddi məsələlər var”.

Politoloqun fikrincə, işğalçı ölkənin işi getdikcə çətinləşir:

"Ermənilər Qarabağı qorumaq üçün rusların "ətəyindən yapışdılar”, amma xeyiri olmadı. İndi də Zəngəzuru qorumaq üçün Amerikadan imdad diləyirlər. Lakin yenə nəticəsiz qalacaq. Almaniya kansleri xanım Merkelin Azərbaycan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən çıxışını diplomatik arenada rəsmi Bakının uğuru kimi qiymətləndirmək olar. Qərb gec də olsa Rusiyaya qarşı birləşir. Bu vəziyyətdə Türkiyə və Azərbaycanın manevr imkanları çoxalır. Ermənistanın isə, əksinə, şansları azalır.

Ermənistan Rusiya ilə ABŞ arasında qalıb. Rəsmi İrəvan gələcəkdə başına nələr gələcəklərin "anons”unu yaşayır. Anti-türk siyasətinin sonu belə də olmalı idi”.