Gündəm / Siyasət

Kapitulyasiya aktının icrası ləngiyə bilər? - GƏLİŞMƏ

Kapitulyasiya aktının icrası ləngiyə bilər?
Ermənistanın baş naziri Nikol Paşinyan erkən seçkilərə gedir. O, parlament seçkilərinin bu il iyunun 20-də keçiriləcəyini açıqlayıb.

Ermənistandakı bu proseslər Azərbaycanda da yaxından izlənilir və özü ilə bərabər bir sıra suallar yaradıb. Əsas suallardan biri II Qarabağ savaşında Ermənistanı diz çökdürən 10 noyabrdakı üçtərəfli sazişin taleyinin necə olacağı ilə bağlıdır.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ermənistanda bu razılaşmadan çıxmaq qərarı verəcək siyasətçi görmür: "Ermənistanda seçkilərin keçirilməsindən və hansı qüvvələrin hakimiyyətə gəlməsindən sonra Qarabağ razılaşmasından çıxmaq cəhdi bizə ancaq sərf edə bilər. İndiki şəraitdə seçkilərə getmək Paşinyan üçün ən uyğun yol idi. Nüfuzlu vaxtında seçkilər keçirib qalib gəlmək istəyir. Əslində bu müxalifətin maraqlarına cavab vermir. Paşinyan qalib gəlsə, Qarabağ razılaşmasından çıxmayacaq.

Müxalifət belə qalib gələrsə, Qarabağ razılaşmasından çıxmaları real görünmür. Putin özü belə demişdi ki, Ermənistanın Qarabağ razılaşmasından çıxması onların özlərinə qəsd demək olacaq. Bilirsiniz ki, erməni müxalifətinin əksəriyyəti Kremlin nəzarətindədir. Bu baxımdan hakimiyyət belə dəyişsə, yeni iqtidarın 10 noyabr anlaşmasından imtina etməsi real görünmür”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Ermənilər bu cür məqamlardan yararlanmağa çalışacaqlar. Ola bilər ki, ortaya başqa bəhanələr də atsınlar. Amma Azərbaycanın iradəsi ortada olmalıdır. Həm də proses başlayıb, 10 noyabr razılaşmasının ləngidilməsi mümkün deyil. Proseslər bir-birinə bağlıdır, məsələn, Zəngəzur dəhlizi artıq açılmalıdır. Türkiyə və digər dövlətlər bu yolun açılmasını gözləyir. Parlament seçkisi kimi xırda bir məsələ bu prosesi dayandırmaq imkanında deyil. Orada kimin hakimiyyətdə olmasının elə də əhəmiyyəti yoxdur. Ermənistan Türkiyə, Azərbaycan və Rusiyanın qəbul etdiyi qərarlara tabe oldu, indən sonra da elə olacaq. Sadəcə, Azərbaycan imkan verməməlidir ki, bəzi beynəlxalq qurumlar əvvəllər də olduğu kimi, prosesləri hansısa kənar hadisəyə, seçkiyə bağlasınlar. Proses ardıcıl və konkret müstəvidə davam etməlidir və Azərbaycanın iradəsiylə də davam edəcək”.

Politoloq Ülkər Piriyeva hesab edir ki, 10 noyabr bəyanatının icrası hər bir halda davam edəcək: "Paşinyan istefa da etsə, parlament özünü buraxsa da belə, bəyanatdakı maddələr tətbiq edilməyə davam edəcək. Bir reallıq var. Azərbaycan həm siyasət meydanında, həm də döyüş meydanında tarixi zəfər çalıb. Bizim üçün önəmli olan önümüzdəki 5 ildir. Çünki 9 maddədən ibarət olan bu atəşkəs razılaşması var. Bundan sonra elə addımlar atılmalıdır ki, 5 illik müddətdən sonra bölgədəki hər şey Azərbaycanın xeyrinə olsun. Çox əhəmiyyətli bir dövrdəyik. Cənab Prezident İlham Əliyev bölgənin sülhü üçün gərginliyə son qoyub buranı yenidən qurmağın nə qədər vacib olduğunu vurğuladı. Başqa sözlə, həm Rusiyanı, həm də Ermənistanı razılaşmaya sadiq qalmağa çağırdı...”
"Yeni Müsavat”