Gündəm / Siyasət

Revanşistlərin hakimiyyət davası məğlub ölkədə cavablardan çox, suallar yaradıb - GƏLİŞMƏ

Revanşistlərin hakimiyyət davası məğlub ölkədə cavablardan çox, suallar yaradıb
Bu gün - martın 10-u Ermənistanın II Qarabağ müharibəsi ilə bağlı imzaladığı kapitulyasiya aktından düz 4 ay ötür. Üstündən ilin 1/3-nin keçməsinə rəğmən, məğlub ölkə hələ də böhran içində çabalayır, davam edən daxili təlatümlər və siyasi didişmələr nəticəsində faktiki taqətdən düşmüş durumdadır. Tək səbəb odur ki, müharibə sonrası dərin siyasi qütbləşmə erməni cəmiyyətini yeganə doğru seçimi etməyə qoymur.

Seçim isə qonşu Türkiyə və Azərbaycanla təcili anlaşmaya nail olub iqtisadi tərəqqi yoluna çıxmaqdan ibarətdir ki, buna da xaricdəki erməni lobbisinin körüklədiyi radikal, ultra-millətçi müxalifət imkan vermir. Onlar hətta bu yolu Ermənistan üçün xəyanətə bərabər sayırlar. Halbuki ötən 30 ilin acı təcrübəsi tam əksini deyir. Yəni ölkədəki hazırkı fəlakətli durumun əsas nədəni məhz uzun illər aparılan işğalçı, avantürist xarici siyasət nəticəsində sərhədlərin bağlı qalması, izolyasiya rejimidir.

Hələ də imtina edilməyən bu siyasətin sonucu kimi, onsuz da sosial-iqtisadi böhran yaşayan Ermənistanın, onun ac-yalavac əhalisinin vəziyyəti getdikcə daha kritik şəkil almaqdadır. Yoxsulluq, işsizlik, səfalət günbəgün artır. Əmək qabiliyyətli əhali, sadəcə, pandemiyanın bitməsini gözləyir ki, kütləvi şəkildə xaricə köç eləsin. Bu barədə yerli iqtisadçı ekspertlər də neçə vaxtdır xəbərdarlıq edir, SOS siqnalı verirlər.

Beləcə, kapitulyasiyanın 4-cü ayının tamamında məğlub ölkədə cavablardan çox suallar yaranıb. Radikal müxalifət erməni xalqını yenə əvvəlki yanlış yola yönəltməyə, xilas və qurtuluşu tapmağa qoymur. Onlar iqtisadiyyatın təcili bərpasından çox, ordunun bərpasını xəyal edirlər ki, bu da bədbəxt erməni xalqı üçün daha fəlakətli və labüd yeni müharibə sifarişi deməkdir.

Sıravi erməni ailə başçısı isə konfliktdən, müharibədən bezib və onu indi mifik "artsax”, hakimiyyət uğrunda mınasız didişmə deyil, çörək, dolanışıq düşündürür. Ermənistana qərara gəlmək üçün ayrılan qızıl vaxt, gerisayım bitmək üzrədir. Hakimiyyət uğrunda mübarizə aparan radikal qüvvələri isə belə görünür, bu məqam az düşündürür - o da əgər düşündürürsə. Öz növbəsində iqtidar əsas güc və resurslarını siyasi opponentləri zəiflətməyə səfərbər edib...

*****

"Ermənistan hakimiyyəti, xüsusən dı baş nazir Nikol Paşinyan müxalifətin passivliyindən və parçalanmasından istifadə edir, vaxt qazanmağa və öz mövqelərini gücləndirməyə çalışır”.

Bunu rusiyalı politoloq Andrey Areşev söyləyib (Telqaraf.com). Ekspert bu qənaətdədir ki, Ermənistan baş naziri hazırda xarici ölkələrdən, xüsusən də Qərbdən dəstək almağa çalışır və eyni zamanda hökumətin istefası bəyanatını imzalamayan bəzi yüksək rütbəli hərbi qulluqçuların dəstəyindən istifadə edir.

O, Ermənistan Silahlı Qüvvələrinin hakimiyyətə qarşı mübarizədə qətiyyətsiz olduğunu bildirib: "Bu və ya digər şəkildə növbədənkənar parlament seçkiləri prosesi başladılıb. İndiki vəziyyətdə ölkənin yeni sarsıntılara məhkum olacağı göz qabağındadır. Orta perspektivdə də iqtisadi çöküş baş verə bilər”.

Ordunun hakimiyyətə qarşı mübarizə məsələsinə gəlincə, rus politoloq qeyd edib ki, Silahlı Qüvvələr indiyədək bir neçə siyasi açıqlama verib, amma müxalifəti praktik addımlarla dəstəkləməkdən çəkinir: "Hərbçilər həm müxalifət, həm də hakimiyyətdən maksimum dərəcədə bərabər məsafədə dayanmağa çalışır”.

*****

Mövcud durum isə sövq-təbii daha çox müxalifətin ziyanına işləyir. Nədən ki, hakimiyyətə can atan odur və iqtidara gəlmək üçün, - özü də seçkisiz gəlmək üçün, - daha çox qüvvə, resurs cəlb eləməlidir ki, bu da yaxın müddətdə mümkünsüzdür. Müxalifət həm də yorğun-arğın görünür, öz elektoratını genişləndirə bilmir. Bu da olan-qalan tərəfdarlar arasında ümidsizliyi tədricən gücləndirir.

Digər mühüm bir səbəb onunla bağlıdır ki, Ermənistanda hakimiyyət uğrunda amansız mübarizə təkcə Paşinyan iqtidarı ilə radikal müxalifət arasında yox, Qərblə Rusiya arasında gedir. Qərbçi qüvvələr isə əsasən hakimiyyətdə təmsil olunub. Müxalifəti terror üsullarına əl atmaqdan çəkindirən həm də bu faktordur. Çünki ABŞ və Avropa Birliyi açıq bəyan edib ki, opponentlərin antikonstitusion mübarizə metodlarını, o sırada hərbi çevrilişi məqbul saymayacaq.

*****

"Hərbi çevriliş Ermənistanın Qərbdən tam təcridinə gətirəcək”.

Musavat.com xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Robert Qazaryan "Vestnik Kavkaza”dakı təhlili məqaləsində yazıb.

Keçmiş baş nazir Vazgen Manukyan və onun başçılıq elədiyi "Vətəni Xilas Hərəkatı”nın Ermənistan siyasətinin ən mürtəce qanadını təmsil etdiyini vurğulayan müəllif diqqəti habelə Ermənistanda son vaxtlar siyasi fəallığı nəzərəçarpacaq dərəcədə artan yüksək çinli hərbçilərin davranışına yönəldib: "Hərbçilər son müharibədə məğlubiyyətə görə mümkün ittihamlara qarşı öz ”müdafiə xətlərini"ni qurublar. Generalitet özünü hökumətin başçısı elan edə bilmir. Bu səbəbdən hərbi çevriliş variantı perspektivsizdir. Üstəlik, bu, Ermənistanın Qərbdən tam təcrid olunmasına aparıb çıxaracaq. Erməni generallarının mövqeyi hazırda ondan ibarətdir ki, ordu Nikol Paşinyanı baş nazir postundan sıxışdırmağa çalışan mülki şəxslərə mane olmasın".

*****

Bu arada "Past” erməni nəşri maraqlı versiya irəli sürüb. "Yeni Müsavat”ın məlumatına görə, qəzet N.Paşinyanın bir sıra dairələrlə, o sırada hərbi çevrələrlə görüş zamanı 9 və ya 10 martda istefaya gedəcəyi barədə söz verdiyini iddia edib.

Bildirilir ki, Paşinyan 9 martda general Onik Qasparyanın qovulması barədə qərar qüvvəyə minəndən sonra (Konstitusiya Məhkəməsi bu tarixdə öz qərarını elan etməlidir) və ordu tərəfindən hər hansı təhdid hiss etməyəcəyi təqdirdə istefa verəcəyinə və may ayında növbədənkənar seçkilər keçiriləcəyinə razılaşıb.

"Bununla belə, nə generallar, nə də siyasi və ekspert dairələri, yumşaq desək, Paşinyana inanmırlar. Digər tərəfdən, belə bir fikir üstünlük təşkil edir ki, erkən seçkilərin indiki hakimiyyət orqanları tərəfindən keçiriləcəyi təqdirdə inzibati resursdan görünməmiş dərəcədə istifadə ediləcək və seçkilərin nəticələri saxtalaşdırılacaq”, - deyə qəzet əlavə edib.

Qeyd edək ki, konstitusiyaya əsasən, N.Paşinyanın istefa ərizəsi yazacağı və parlamentdə onun yerinə başqa namizədlərin irəli sürülməyəcəyi təqdirdə qanunverici orqan avtomatik buraxılmış sayılacaq və erkən seçkilərə gediləcək. Paşinyan isə yeni parlamentin yeni baş naziri seçməsinədək müvəqqəti öz postunda qalacaq.

Əlavə edək ki, onun reytinqi əsas rəqiblərindən yüksək olaraq qalır. Bunu "Gallup”un son rəy sorğusu da təsdiqləyib. Əksər təhlilçilərə görə, məhz bu səbəbə növbədənkənar seçkilərdə hakim partiya mütləq səs çoxluğu olmasa da, nisbi çoxluğu qazanacaq ki, bu da ona yeni (koalision) hökumətin formalaşdırılmasında ciddi üstünlük yarada bilər. Müxalifəti ən çox təlaşlandıran da Paşinyanın növbəti müddətə, yenə də legitim şəkildə ölkə rəhbəri postunu qazanmasıdır. Odur ki, seçki variantından xoflanır...
"Yeni Musavat”