Gündəm / İqtisadiyyat / Cəmiyyət

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda isə 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Bəs görəsən, qarşıdakı illərdə manatın məzənnəsi necə dəyişəcək?

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, rəsmi dövlət qurumları məzənnə dəyişəcək, manat ucuzlaşacaq deyə bilməz. Onun sözlərinə görə, bu zaman ajiotaj yaranardı:

"Hamı əlində olan 100 manatı belə dollara çevirməyə çalışardı ki, bu da bank sisteminə və valyuta rezervlərinə böyük zərbə vura bilərdi. Bunu bazara sözlü müdaxilə kimi qiymətləndirirəm. Doğru yanaşmadır. Bazarı sakitləşdirmək istəyirlər ki, devalvasiya olmayacaq. Biz belə bəynataları 2012,2013,2014-cü illərdə də görürdük ki, sabit məzənnə rejimi davam edəcək. 2015-ci ildə 3 pilləli devalvasiya yaşadıq. Yəni, dünya bazarının bəzən gedişata təsir mexanizmləri yaranır. Hökumət 2015-ci ildə ona görə bu addımı atmağa məcbur oldu ki, neftin qiyməti 35-36 dollara düşdü, gəlirlər kəskin azaldı".

Ekspert qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün milyardlarla vəsaitə ehtiyac var: "2030-cu ilə qədər ora əlavə 60 milyard manat xərclənməlidir. Həmin vəsaiti əldə etmək üçün ola bilər ki, manatda daha yumşaq siyasətə keçid qərarı verilsin. Bu ilin sonunda və gələn ilin əvvəlində məzənnənin dəyişəcəyini gözləmirəm. Amma gələn ilin sonu, 2026-cı ilin əvvəllərində məzənnəyə inzibati dəyişikliklər mümkündür. Ona görə ki, bizdə manatın məzənnəsini bazar tənzimləmir. Məzənnə inzibati qərarla tənzimlənir."