Gündəm / İqtisadiyyat / Cəmiyyət

Dollar manatın NƏFƏSİNİ KƏSƏCƏKMİ? - ARAŞDIRMA

Dollar manatın NƏFƏSİNİ KƏSƏCƏKMİ? - ARAŞDIRMA

Dünyada ABŞ dolları bahalaşır.
Sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yenidən qaldırdıqdan sonra dolların məzənnəsi digər aparıcı valyutalarla müqayisədə son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Bəs, dünyada dolların güclənməsi Azərbaycana sərf edirmi? Güclü dollar dünya iqtisadiyyatına problemlər yaradırmı? Dolların sonrakı taleyi necə olacaq?

Dolların faiz dərəcəsi artdıqca dollar da bahalaşır

İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, uzun müddətdir dünyada dollar yavaş-yavaş bahalaşır:
"Sentyabrın 21-də dollar indeksi 111,6 səviyyəsində olub və yüksək olaraq qalır. FED-in faizləri qaldırması dolları gücləndirir. Dolların faiz dərəcəsi dolların qiymətidir. Yəni pulun qiyməti onun faiz dərəcəsidir. Dolların faiz dərəcəsi artdıqca dollar da bahalaşır. FED bundan sonra da faiz artırmaqda israrlıdır. Bu, dünən dünya bazarlarına təsir edən əsas məqam olub. ABŞ-da inflyasiya nəzarət altına alınana qədər FED faiz dərəcələrini artıracaq".

"Dolların möhkəmlənməsi borcları dollarda olan ölkələr üçün problem yaradır"

O bildirib ki, dolların güclənməsi xüsusən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına problem yaradır:
"Çünki həmin ölkələr borcu dollarda götürürlər və dollar bahalaşdıqca, onların borcları da artır. Məsələn, Türkiyədə dollarda borc götürən bir şirkət əvvəllər 8 lirəni çevirib 1 dollar borcunu ödəyirdisə, indi 18 lirəni çevirib 1 dollar borcunu ödəyir. Başqa sözlə, dolların möhkəmlənməsi borcları dollarda olan ölkələr üçün problem yaradır".

Dünyada dolların möhkəmlənməsi Azərbaycanda inflyasiyanı cilovlayan amildir

"Dolların güclənməsi Azərbaycana sərf edirmi?” sualına ekspert belə cavab verib: "Dünyada dolların güclənməsi Azərbaycanda real iqtisadiyyata, ixrac iqtisadiyyatına sərf etmir. Çünki manat dollara fiksə edilib. Dollar digər valyutalar qarşısında bahalaşdıqca, manat da bahalaşır. Bu baxımdan dolların bahalaşması ölkə iqtisadiyyatımızın bahalaşması deməkdir.
Müsbət tərəfinə gəlincə, dünyada dolların möhkəmlənməsi Azərbaycanda inflyasiyanı cilovlayan amildir. Başqa sözlə, dolların güclənməsi inflyasiyanın aşağı düşməsi baxımından qənaətbəxşdir, ancaq iqtisadiyyatın bahalaşması baxımından pisdir. Yaxın 1-2 ildə də dünyada dollar baha olaraq qalacaq".

İnflyasiyanı tənzimləmək üçün FED faizləri yüksəltməkdə israrlı görünür

Deputat Vüqar Bayramov da bildirib ki, FED uçot dərəcəsini 0,75% artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib:
"Bu, 1994-cü ildən bəri ən yüksək artımdır. İnflyasiyanı tənzimləmək üçün FED faizləri yüksəltməkdə israrlı görünür. FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır".
Deputat qeyd edib ki, FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir: "Antiinflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də, Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8,3%-dək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir".

Azərbaycanda da dollar bahalaşa bilərmi?

Millət vəkili vurğulayıb ki, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir:
"Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Gələn il üçün manatın məzənnəsi ilə bağlı proqnoz

Qeyd edək ki, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, 2023-cü ildə də makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
Sənəddə deyilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Qeyd edilib ki, tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət olunub ki, bu da məzənnə sabitliyini dəstəkləyib. 2022-ci ilin birinci yarımilliyində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.
Xatırladaq ki, FED ardıcıl üçüncü dəfədir faizləri artırır. FED-in uçot dərəcəsini dekabr ayına qədər 4%-ə, gələn il isə 4,5%-5%-ə çatdıracağı gözlənilir.