Gündəm / Təhsil

Emin Əmirullayev haradadır?

Emin Əmirullayev haradadır?

Kanal14.az: - Məktəb bir xalqın gələcəyinin təməlinin atıldığı ocaqdır. Bu ocaqda xalqın milli-mənəvi dəyərləri tapdanırsa, təməl də dağılır. Son günlər məktəblərdə baş verənlər gələcəyimizin təhlükə altında olduğunu göstərdi.

Yayılan məlumatlara görə, paytaxtın 6 nömrəli məktəb-liseyində 2-ci sinif şagirdi həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən cinsi seksual hərəkətlərə təhrik edilib.

Gəncədə orta məktəbin şagirdi başqa şagirdi bıçaqlayaraq, öldürüb. Bir başqa məktəbdə isə qıza təcavüz edilib.

Bunlar son bir neçə gündə baş verənlərdir. Son illərdə baş verənləri sıraya düzsək, uzun bir siyahı alınar. Artıq Azərbaycan təhsili qazandığı uğurlarla deyil, bu cür cinayətlər, zorakılıq halları ilə tanınır. Mediada mütəmadi olaraq, "filan məktəbdə şagird adam öldürdü”, "filan məktəbdə təcavüz hadisəsi baş verdi”, "filan məktəbdə müəllim şagirdi döydü, şagird müəllimi vurdu” kimi manşetlər atır. Media olanı yazır, amma bu manşetlər Azərbaycan təhsilinin üzərinə atılan torpaq kimi bir şeydir. Təhsilimiz ölüb, qəbirə qoyulub, bircə üstünü torpaqlamaq qalıb desək yanılmarıq.

Bütün baş verənlərin fonunda bəs təhsil naziri Emin Əmirullayev hardadır, niyə səsi çıxmır, nə üçün hadisələrin baş verdiyi məktəblərə baş çəkmir?

Lüks ofisdə əyləşib, dünya standartlarından danışmaq təhsili idarə etmək deyil.

Ümumiyyətlə, təhsil naziri nə işlə məşğuldur?

Baş verənlər bu sual haqda düşünməyə vadar edir. Emin Əmirullayev nazir təyin olunanda "müasir, islahatçı, dərin bilikli” və bu kimi epitetlərlə təqdim edilirdi. Hamımız ümidli idik. Amma çox keçmədi anladıq ki, Emin Əmirullayev təhsili idarə etməyi, irəliliyə aparmağı bacarmır. Əksinə, Emin Əmirullayev indiyə qədərki fəaliyyətində yalnız və yalnız Azərbaycan təhsilini "laboratoriyaya” çevirməkdən başqa bir şey etməyib. Hər il "dünya standartı” adı altında yeni təcrübələri sınaqda keçirir, hər il özündən "Amerika uydurur”. Bu il başqa metodla təhsil alan şagird gələn il başqa metodla təhsil alır, nəticədə nə öyrənə bilir, nə də vətəndaş kimi formalaşa.

Bu gün ortaya çıxan nəticə belədir: Azərbaycan təhsilinin keyfiyyəti artmayıb, əksinə Emin Əmirullayev "əndrabadi metodlarla” təhsili uçuruma doğru sürükləyir. Bu azmış kimi, məktəblərimiz "cinayət aləmi”nə, əxlaqsızlıq yuvasına çevrilib. Azərbaycan məktəblisi təhsildən yox, "oğru dünyasından” bəhs edir. Bu xalqın mütəfəkkirlərini yox, "kriminal aləmin” nümayəndələrini örnək alırlar.

Bütün bunların fonunda Emin Əmirullayevin nə iş gördüyü isə bəlli deyil. Təhsili idarə etmək, bu xalqın gələcəyini yetişdirmək sosial şəbəkələrdə "layk” xatirinə iş görmək demək deyil.

Bu gün məktəblərdə gələcəyimiz dəfn edilir, Emin Əmirullayev isə ortalıqda deyil. Təkcə son bir neçə günün hadisəsi sübut etdi ki, bu şəxs təhsil sistemindəki mövcud problemləri aradan qaldırmağı bacarmır, əksinə təhsilimizi bir az da uçuruma yuvarladır!//demokrat.az