Gündəm / Siyasət / Dünya

Paşinyan Konstitusiyanı Azərbaycana görə dəyişmək istəyir? (ŞƏRH)

Paşinyan Konstitusiyanı Azərbaycana görə dəyişmək istəyir? (ŞƏRH)

"Nikol Paşinyanın ölkənin yeni Konstitusiyası ilə bağlı açıqlaması Azərbaycanla imzalanacaq sülh müqaviləsilə əlaqəlidir".

"Kanal14.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq bildirib ki, Konstitusiya məsələsi Paşinyan tərəfindən ilk dəfə olaraq 2021-ci ildə səsləndirilib:

"Həmin dövrdə Konstitusiyada dəyişikliklərə ehtiyac olduğunu bildirmişdi. Ancaq bu dəfə Paşinyan artıq dəyişikliklərdən deyil, bütövlükdə yeni Konstitusiyanın qəbul olunması vacibliyindən danışır. Düşünürəm ki, bu məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsilə əlaqəlidir. Eyni zamanda, yeni Konstitusiyanın qəbulu məsələsini Paşinyan vətən, dövlət anlayışları çərçivəsində həm Ermənistanın bütün ərazilərini, həm də bilavasitə ölkənin təhlükəsizliyinin legitimləşdirilməsilə bağlı əlaqələndirir".

Paşinyan Konstitusiyanı Azərbaycana görə dəyişmək istəyir? (ŞƏRH)

Ekspert qeyd edib ki, sülh sənədinin legitim zəmin və hüquqi əsas yaratması üçün Ermənistan Konstitusiyasında Azərbaycana yönəlik müddəaların çıxarılmasına ehtiyac var:

"Ermənistanın mövcud Konstitusiyasında bir çox ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə ərazi iddiaları mövcuddur. Bu xüsusda zaman-zaman Bakı da bildirib ki, sülh müqaviləsi imzalanmazdan öncə Azərbaycana hüquqi təminatlar lazımdır. Çünki Ermənistan Konstitusiyası Dağlıq Qarabağ və digər ərazilərimizi Ermənistan ərazisi kimi göstərir. Bu kontekstdə konstitusion qanunda ərazi iddiaları ortaya qoyulur. Belə olan halda Paşinyanı əvəzləyəcək yeni iqtidar Konstitusiyanı əsas gətirməklə rahatlıqda imzalanacaq sülh müqaviləsini zibil qutusuna ata bilər. Ona görə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yönəlik müddəaların çıxarılmasına ehtiyac var ki, sənəd legitim zəmin və hüquqi əsas yarada bilsin. Əks halda, sənəd kağız parçasından başqa heç nə olmayacaq. Paşinyan da bunu anlayır. Ermənistan yeni Konstitusiya qəbul etmək istəyirsə və burada Azərbaycanın da maraqları ifadə olunacaqsa, ölkəmizin dövlət və milli maraqlarına uyğundur. Amma məsələ gözdən pərdə asmaq məqsədi daşıyacaqsa, belə bir vəziyyətdə sülh müqaviləsi imzalamağa belə ehtiyac qalmayacaq".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkəsinin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib: "Ermənistan Respublikasının Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var".