Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Gələn ilin büdcəsi: Maaş və təqaüdlər nə qədər artacaq? - ARAŞDIRMA

Gələn ilin büdcəsi: Maaş və təqaüdlər nə qədər artacaq? - ARAŞDIRMA

Kanal14.az: - Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə açıqladığı inflyasiya göstəricisinə görə, sentyabr ayında inflyasiya 10.9 faiz təşkil edib.

Bu isə əvvəlki ayla (avuqst) müqayisədə 0.8, ötən dövrün eyni dövrü ilə müqayisədə isə 2.5 faiz bəndi azdır.

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə Azərbaycanda 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.

Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə qeyd edilir ki, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcək.

Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.

Qeyd edək ki, inflyasiya ölkədə bütün sahələrlə sıx bağlıdır və siyasi pöroseslər, iqtisadi dəyişikliklər, büynəlxalq münasibətlər və s. inflyasiyaya təsir edir.

Beləliklə, inflyasiyanın artmasına həm xarici, həm də daxili amillər səbəb ola bilər. Ölkəmizdə inflyasiya ötən il rəsmi rəqəmlərdə göstərilənlərdən daha yüksək oldu. Hazırkı rəsmi rəqəmləri nəzərər alsaq bu, pensiya və əməkhaqqı artımlarına necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, rəsmi inflyasiya rəqəmlərinin hesablanması ilə bağlı parametrlərin, yanaşmanın, tendensiyaların dəyişməsinə ehtiyac var:

"Çünki rəsmi inflyasiya rəqəmləri hesablanarkən böyük bir məhsul və xidmət zənbili götürülür ki, bu da rəqəmlərin yumşaq alınmasına səbəb olur. Əslində bir çox ölkələrdə inflyasiyanın insanların gündəlik həyatına, dolanışığına, gəlirlərini təsirini ölçmək üçün 30 adda ən vacib gündəlik tələbat məhsulları və xidmətlərinin qiymətlərinin dəyişilməsi götürülür.

İnsanlar onsuz da gündəlik həyatında yüzlərlə adda məhsulu istifadə etmirlər. Azərbaycanda məhz 30 adda gündəlik tələbat məhsulları da, yəni kartof, soğan, meyvə, un məmulatları, qarabaşaq, düyü, ət kimi kənd təsərrüfatı məhsullarını götürsək, burada qiymət dəyişikliyi daha yüksəkdir. Birincisi, bu məsələyə diqqət yetirmək lazımdır".

Ekspert deyir ki, ikincisi, Azərbaycanın gələn il büdcəsinin parametrləri artıq elan edilib, hələ qəbul olunmayıb, Milli Məclisdə müzakirələr başlayacaq:

"Burada sosialyönümlü xərclərin 5 faizə yaxın artdığı görünür. Yəni elə də ciddi artım yoxdur. Bu onu deməyə əsas verir ki, gələn ilin büdcəsi qəbul olunandan sonra insanların əməkhaqqları və təqaüdlərində kəskin artımın olacağı ehtimalı çox aşağıdır.

Ən yaxşı halda 5-10 faiz artma ehtimalı var. Ancaq inflyasiya insanların gəlirlərini yeyib-bitirən bir anlayışdır. İnflyasiya nə qədər yüksək olsa, insanların real gəlirləri bir o qədər azalır. Ona görə də inflyasiya ilə mübarizə Mərkəzi Bankının, hökumətin də əsas prioritetləri olmalıdır.

Ancaq yalnız uçot dərəcəsini artırmaqla, sırf maliyyə-kredit siyasəti yürütməklə inflyasiyanın qarşısını almaq çətindir. Rəqabətli mühiti gücləndirmək lazımdır ki, necə güclənsin və bu qiymətlərin tənzimlənməsində necə pozitiv rol oynaya bilər. Məhz məhsul bolluğu və rəqabətli mühitlə bağlı hökumətin görəcəyi çox iş var".