Gündəm / Siyasət / Cəmiyyət

Bakının İrəvana göndərdiyi əsirlər Rusiyanın baş bəlası olacaq - NƏ BAŞ VERİR?

Dördüncü Brüssel görüşündən sonra sülhlə bağlı gözləntilərin yüksəldiyi bir vaxtda rəsmi İrəvan istər sərsəm bəyanatları, istərsə də qanunsuz silahlı birləşmələri sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdən və Azərbaycan-Ermənistan sərhəddindən mövqelərimizə, dinc insanlara atəş açmaqla prosesi daha da qəlizləşdirmək cəhdləri ilə diqqət çəkdi. 

Brüssel görüşündə tərəflərin əldə etdiyi razılaşmaları əsas tutan rəsmi Bakı növbəti dəfə Ermənistanın təxribatlarına vədini tutmaqla cavab verib. Ötən gün Azərbaycan 5 erməni hərbçini Ermənistana təhvil verib.

Burada bir məqam xüsusilə diqqət çəkib. Belə ki, saxlanılan erməni hərbçilər bu dəfə heç bir vasitəçi olmadan, birbaşa Ermənistan tərəfinə təhvil verilib. Lakin 44 günlük müharibədən sonra, buna kimi əsirlərin qaytarılması prosesi hər zaman üçüncü tərəflərin (Belə ki, ötən ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Digər vaxtlarda isə erməni diversantların qaytarılmasında Rusiya vasitəçi qismində çıxış edib.  - red.) iştirakı ilə baş tutub.

Bakı üçün indiki məqamda bu əsirlərin Ermənistana təhvil verilməsi, saxlanılmasından daha xeyirli ola bilər. Bu yaxınlarda Brüsseldə humanitar məsələlərlə, əsir və itkin düşmüş şəxslərlə bağlı müzakirələrin getdiyi və hər iki tərəfin bu mövzuda addımlar atacağı öhdəliyi hər kəsə məlumdur. Amma Azərbaycan Ermənistandan fərqli olaraq Avropanın siyasət paytaxtındakı bu görüşdən sonra manipulyasiyalar etmək əvəzinə, destruktiv mövqe nümayiş etdirmək yerinə növbəti dəfə konkret mövqe nümayiş etdirərək Avropa ittifaqına sözünün ağası olduğunu, sülh üçün lazım olan bütün mümkün addımları atmağa hazır olduğunu nümayiş etdirdi.

Əslində isə Azərbaycan 5 erməni əsirini Ermənistana təhvil verməklə Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdığını göstərdi. Rəsmi Bakının bu addımı Avropa İttifaqının nəzərindən yayına bilməzdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tvitter hesabında Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib. O qeyd edib ki, Azərbaycan və Ermənistan ilk dəfə olaraq təhvil prosesini ikitərəfli qaydada həyata keçiriblər. Belə olan təqdirdə rəsmi Bakı Qərbdə Azərbaycanın tərtib etdiyi gündəliyin qəbul edilməsi məsələsindəki yerini bir az da möhkəmləndirmiş olur.

Beləcə, Prezident İlham Əliyev Avropa İttifaqına növbəti dəfə Ermənistandan fərqli olaraq Azərbaycanın regionda, bölgədə barış tərəfdarı olduğunu göstərməkdən əlavə Ermənistana qarşılıq olaraq analoji addım atmaq üçün pas ötürdü və sülh mesajına İrəvandan cavab gözləntilərinin olduğu mesajını verdi.

 

Çox güman ki, rəsmi Bakı ermənilərin də bu məsələdə praktiki addım atacağına, Azərbaycanın jestinə cavab verəcəyinə o qədər inanmır, amma Azərbaycan belə bir humanist qərarla yaxın gələcəkdə atacağı addımlar üçün özünə çox mühüm zəmin hazırlamaqla məşğuldur. Hətta burada məsələ Laçından yan keçməklə ermənilər üçün salınan yeni alternativ yolun bağlanmasına kimi gedib çıxa bilər. Bu, eyni zamanda mümkün hərbi addımlar üçün kənar təzyiqlərin neytrallaşdırıması məsələsində də Bakıya bir xeyli yardım edə bilər. 

İrəvan son Brüssel razılaşmasının humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verəcəkmi, yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atacaqmı, ya yox, bunu yaxın gələcək göstərəcək. Amma rəsmi Bakı Ermənistanın növbəti dəfə manevr imkanını məhdudlaşdırmaq üçün bu imkandan da yararlandı. Çünki Bakının bu addımı bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmin hazırlaya bilər.

Azərbaycan eyni zamanda bu addımla növbəti önəmli məsələdə praktiki inkişafa nail ola bilər. Brüssel razılığa əsasən saxlanılan erməni hərbçiləri bu dəfə heç bir vasitəçi olmadan, birbaşa Ermənistan tərəfinə təhvil verən Azərbaycan Avropa İttifaqının təşəbbüsünün fayda verə biləcəyi imkanını Rusiyaya göstərərək, bu məsələdə Şarl Mişelin bir addım önə çıxdığını nümayiş etdirməklə Moskvaya da alternativ masada praktiki addımlar atmağın vaxtı olduğu mesajını verdi. 

Bir növ Azərbaycan Brüssel formatına diqqətləri çəkərək dolayısı ilə Rusiyadan da iki moderatorlardan biri kimi sülh sazişi üçün gərəkən addımı atması məsələsini bir tələb kimi qaldırmış olur.

Arada üçüncü bir tərəf olmadan əsirlərin təhvil verməsi deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında indi münasibətlərdə kifayət qədər ciddi dəyişikliklər baş verməkdədir. Ermənistan qısa zamanda müəyyən məsələlərlə bağlı razılığa gələrək, Bakının gündəliyinə xələl gətirmək istəməzsə, bölgədəki ümumi proseslərin dinamikliyinə, ümumi proseslərin ritminə heç bir kənar qüvvə əngəl ola bilməyəcək. İrəvan iradə nümayiş etdirib, artıq xalqının rifahı, gələcəyi naminə nəhayət qətiyyətli bir mövqe nümayiş etdirməlidir. Çünki Azərbaycan istənilən halda bu və ya digər şəkildə onsuz da öz məqsədinə çatacaq. 

Təhməz Əsədov