Gündəm / Siyasət

Onları Azərbaycana öldürməyə göndəriblər

Fransanın Ermənistandakı səfiri Conatan Lakot belə deyib.

Lakot hansı hərbi əsirlərdən bəhs edir, Minsk Qrupunun hansı formatından bəhs edir və ümumiyyətlə, onun bəyanatında vurğulanan məqamlar nə dərəcədə əsaslı, məntiqidir?

... Ermənistan  aylardır bəyan edir ki, sən demə, hazırda Azərbaycanda 112 erməni hərbi əsir var. Halbuki bir qədər əvvəl rəsmi İrəvan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək Azərbaycanda 249 erməninin hərbi əsir qismində saxlandığını bəyan etmişdi.

Azərbaycanda isə Ermənistanın 72 vətəndaşı diversant və terror aktı hazırlamaqda şübhəli bilinən şəxs qismində saxlanılır. Bir müddət sonra onların məhkəmə prosesləri başlanacaq.

Hərbi əsirlərə gəldikdə, Azərbaycan onların hamısını (!) Ermənistana qaytarıb. Ötən ilin noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra isə işğaldan azad edilmiş ərazilərdə tutulan və "müharibənin başa çatmasından xəbərləri olmadığını" deyən erməni hərbçilər Rusiyanın Qarabağdakı sülhmərmalı missiyasına təhvil verilib.

Lakin ötən ilin noyabrın ortalarından bəri Qarabağda, Azərbaycan ərazisində Ermənistan vətəndaşları olan hərbçilər peyda olmağa başladılar. Onlar Azərbaycan əsgərləri ilə yanaşı, dinc vətəndaşlarımıza da hücum edir, atəşə tutur, qətlə yetirməyə çalışırdılar. Eyni zamanda, həmin şəxslər Azərbaycan ərazisində terror aktlarını da həyata keçirməyə hazırlaşır, minalardan təmizlənmiş əraziləri yenidən minalayırdılar.

Bu əməllərin nəticəsində hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular.

Ermənistanın Sünik, Şirak, Masis və Gorus vilayətlələrindən hərbi xidmətə çağırılmış bu şəxslər üçtərəfli bəyanat imzalanandan, hətta Azərbaycan erməni hərbi əsirləri azad edərək İrəvana təhvil verəndən sonra Qarabağa sızdırılmışdılar.

Situasiyaya nəzər salaq. İkinci Qarabağ Müharibəsi başa çatıb. Ermənistan rəhbərliyi rəsmi olaraq dəfələrlə bəyan edib ki, sən demə, "Qarabağda Ermənistan vətəndaşları vuruşmayıb, vuruşmur" və "Qarabağda olan silahlılar Ermənistan Müdafiə Nazirliyinin mənsubları deyil". Yəni İrəvan Qarabağa yolladığı hərbçilərini rəsmən tanımır, onlardan imtina edir.

Qarabağdakı terrorçu xuntanın "rəhbərliyi" də bu şəxslərin qarabağlı ermənilər olmadıqlarını dəfələrlə bəyan edib.

Belədirsə, Qarabağda tutulmuş erməni silahlılar kimlərdir və onlar kimlərin göstərişi ilə teraktlar gerçəkləşdiriblər?

İrəvan susur, bəsit suallara cavab verə bilmir.

Müharibə başa çatandan sonra əldə silah yaxalanan, üstəlik Azərbaycan vətəndaşlarına atəş açan və Azərbaycan ərazilərini minalayan şəxslər bəhs etdiyimiz nüanslardan dolayı, avtomatik olaraq hərbi cinayətkar, diversant və terrorçu sayılırlar.

Beynəlxalq hüququn prinsipləri bunu deyir.

Məhz sözügedən səbəblərdən həmin ermənilər heç bir halda hərbi əsir sayıla bilməzlər və 1949-cu ilin Cenevrə konvensiyası (hərbi əsirlərlə davranış haqqında) nə de-yure, nə də de-fakto onlara tətbiq edilə bilməz.

Rəsmi İrəvan anlayır ki, "hərbi əsirlər" kimi qələmə verməyə çalışdığı vətəndaşları əsir deyillər - amma intensiv bəyanatlarının və isterik müraciətlərinin sayına rəğmən, Ermənistan həmin adamların geri qayıtmasını istəmir.

Daha dəqiq desək, Ermənistan rəhbərliyi "hərbi əsir" adlandırdığı ermənilərin taleyinə biganədir, onlara tüpürmək belə istəmir: o adamlar İrəvana təbliğat, diplomatik müstəvidə həyasız isteriya və Azərbaycana qarşı ittihamlarla çıxış etmək üçün gərəkdir.

Ermənistanın hakimiyyət dairələrinin "hərbi əsirlər"lə bağlı davranışlarına fikir verin.

Məntiqlə, mövcud situasiyada Ermənistan nə etməlidir? Hazırda Azərbaycanda saxlanan ermənilərin diversant olduqlarını və ölkəmizin ərazisinə qanunsuz keçdiklərini etiraf etməli, ümumi və adekvat qərarın əldə olunması üçün rəsmi Bakı ilə danışıqlara başlamalıdır.

Bəs, Ermənistan nə edir?

Rəsmi Bakı ilə hər hansı formada və ya formatda təmaslar qurmur, danışıqlar aparmır, saxlanmış erməni silahlıların hərbi əsirlər yox, diversantlar və terror aktları hazırlayan şəxslər olduğuun etiraf etmir. Əvəzində Ermənistan xarici ölkələrdəki erməni diaspor təşkilatlarına, erməni şou-biznes mənsublarına, erməni idmançılara, erməni siyasətçilərə, erməni striptizçilərə, daha sonra beynəlxalq təşkilatlara, səfirlərə və s. üz tutur, ağlamsınır, "hərbi əsirlərimizi qaytarmağa kömək edir" deyir.

Həmin adamlar və təşkilatlar da sonradan Azərbaycana ünvanlanmış bəyanatlar yayırlar, Bakı da cavabında bildirir ki, bütün erməni hərbi əsirləri Ermənistana qaytarıb, qalanlar diversantlar və terror aktları hazırlayanlardır, sonra hər şey yenidən başlanır.

Ermənistan üçün olmayan "hərbi əsir" məsələsi sırf siyasi məqsədlərini reallışdırmaq, Qərbdə İrəvanla bağlı "məsum yazıq" obrazı yaratmaq, Azərbaycanı mənasız və əsassız ittihamlarla qaralamağa çalışmaqdır

Rəsmi İrəvan üçün nə hazırda Azərbaycanda məhkəmə prosesini gözləyən ermənilər, nə də onların ailələri heç bir önəm daşımır.

Həmin şəxslərin arasında qəflətən ürəktutmadan və ya ifrat qan təzyiqindən ölən olarsa, Ermənistan rəhbərliyi sevinəcək: axı daşnak təbliğatı üçün "əla material" yaranacaq.