Siyasət

Minsk Qrupunun 28 illik yarıtmaz fəaliyyəti: Danışıqlar dalana dirənib

Minsk Qrupunun 28 illik yarıtmaz fəaliyyəti: Danışıqlar dalana dirənib

1992-ci ildən fəaliyyət göstərən və faktiki olaraq nəticəyə nail ola bilməyən ATƏT Minsk Qrupu həmsədr institutu yenilənə bilərmi?

Kanla14.az Yenisabah.az-a istinadən xatıladır ki, artıq 28 ildən çoxdur fəaliyyət göstərən Minsk Qrupu həmsdərləri və ümumilikdə bu format effektiv nəticə verməyib. Əksinə, son iki ildə danışıqlar faktiki olaraq dalan dirənib, Ermənistan baş nazirinin məlum açıqlamalarından sonra proses donub. Üstəlik proseslər də göstərir ki, Ermənistan rəhbərliyi bir tərəfdən danışıqlar prosesini pozur, digər tərəfdən isə cəbhədə gərginliyi davam etdirir. Daha bir məqam ondan ibarətdir ki, Tovuz hadisələrində də göründüyü kimi, Minsk Qrupu həmsdərərinin fəaliyyəti faktiki olaraq gözə görünmədi. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın bu qurumun vasitəçiliyi ilə danışıqların aparılması üçün hal-hazırda şəraitin olmadığı haqqında bəyanatı sözügedən qurumun perspektivini bir daha təhlil etməyə əsas verir.

Həqiqətən də, Minsk qrupunun həmsədrlərinin Ermənistanın iyul ayında əl atdığı hərbi təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində yaranan gərgin vəziyyətlə bağlı münaqişə tərəflərini tezliklə əsaslı danışıqları bərpa etməyə çağırmalarına baxmayaraq, beynəlxalq vasitəçilərin cari passivliyi göz qabağındadır. Vasitəçilər sanki yaranmış vəziyyətdə hansı real addım atacaqlarını təsəvvür etmirlər.

Problem ondan ibarətdir ki, artıq hamının, o cümlədən həmsədrlərin, Qarabağ münaqişəsinin tənzimlənməsinin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınan dövlət sərhədləri çərçivəsində mümkün olacağını başa düşdüyü halda, Ermənistan bir daha rəsmi şəkildə Azərbaycan ərazilərinin işğalı siyasətindən imtina etməyəcəyini, münaqişənin həllini Azərbaycana qarşı hərbi təcavüz nəticəsində formalaşmış status-kvonun qorunması əsasında gördüyünü açıqladı. Bunun müqabilində vasitəçilər təcavüzkara və təcavüzə məruz qalan tərəfə eyni yanaşmanı ortaya qoymaqda davam edərək, mahiyyətcə təcavüzkar Ermənistanın cəzasızlığını təmin etməkdədirlər.

ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesinin perspektivsizliyini şərtləndirən əsas amil də məhz budur. Bütün bunlar haqlı olaraq artıq 28 ildən çoxdur davam edən formatın yenilənməsi çağırışlarını daha da aktuallaşdırır. Ancaq o da məlumdur ki, həmsədrlər buna müqavimət göstərir. Hələ 2015-ci ildə Minsk qrupu həmsdərləri yaydıqları birgə bəyanatda buna qarşı çıxmışdılar.

Sitat: "Danışıqların həssaslığını nəzərə alsaq, formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq cəhdi danışıqlar prosesini poza və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmağa əngəl ola bilər”.

Siyasi analitiklər hesab edir ki, Minsk qrupunun müqavimətinə baxmayaraq rəsmi Bakı bu məsələdə dirəniş göstərməli, münaqişənin həllinə heç bir töhvə verə bilməyən, əksinə, prosesin illərin uzanmasını şərtləndirən bu qurumun yenilənməsi üçün səylərini davam etdirməlidir. Bəzi ekspertlər qurumun yeni dünya düzəninə uyğun qurulmasının tərəfdarı kimi çıxış edirlər. Onların fikrincə, artıq beynəlxalq siyasətdə müstəqil mövqe sərgiləyən Türkiyənin də formatda təmsil olunmasının zamanı çatıb. Digər tərəfdən, Azərbaycan faktiki olaraq Minsk qrupunda təklənib. Qurumun indiyə qədər təklif etdiyi nizamlama layihələri Azərbaycanın əleyhinədir. Burada başqa bir məqam, Ermənistanın aşkar şəkildə sülh danışıqlarını pozmaq cəhdidir ki, bu da rəsmi İrəvanın Minsk qrupu ilə hesablaşmaması anlamına gəlmir. Bu fakt da formatın yenilənməsi, yaxud ümumiyyətlə Minsk qrupundan imtina edilməsini şərtləndirən amildir.