"Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”.

"Kanal14.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Sky nuys”a müsahibəsində deyib.

O bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: "Əgər bunu indi etməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnz bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək. Bir daha deyirəm, onda gec olacaq. Rusiya bizim ölkəni işğal edə bilər, amma qalib gələ bilməz. Biz Putinlə danışmağa cəhd etdik, lakin bu, nəticə vermədi. Qərb isə təəssüf ki, nəsə etmədi”.

V.Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək: "İndi Qərb seçim etməlidir. 2 il sonra Qərb müharibə zonasına çevrilə bilər. Rusiya Avropanın mərkəzini bombalayanda "niyə vaxtında Ukraynanın hava məkanını bağlamadıq?”- deyə, özlərinə sual verəcəklər”.