Gündəm / Sosial

Qalmaqallı hakimin oğlu həbs edildi

Qalmaqallı hakimin oğlu həbs edildi

 

 

Səbail rayon Məhkəməsinin sabiq hakimi, bir sıra səs-küylü məhkəmə çəkişmələrini idarə etməsi ilə tanınan Alim Namazovun oğlu həsb edilib.

Kanal14.az Bakıpost.az-a istinadən xəbər verir ki, həbsin səbəbi Anar Alim oğlu Namazovun uzun illər ayrı-ayrı əlil şəxslərin adından sui-istifadə etməsi olub.

Məlumata görə, Anar Namazov fiziki imkanları məhdud şəxsləri aldadaraq, onların adına MMC-lər yaradıb və portala daxil edərək, dövlətdən yardımlar alıb, paralel olaraq, vergidən yayınmaq üçün MMC-ləri qısa müddət ərzində ləğv edib. Beləliklə, bir-birinin ardınca yaranıb-bağlanan bu qurumlar vasitəsilə külli miqdarda gəlir əldə edib.

Anar Namazov və şəbəkəsi növbəti belə bir "əməliyyat” zamanı yaxalanıb. Belə ki, bu dəfə şəbəkə fiziki qüsurlu olmayan şəxslərin adından əlil kimi istifadə etməyə çalışıb. Bir neçə əməliyyatdan sonra isə saxta qurumlar ləğv edilib, ancaq onların vergi borcu qalıb. Onlarla şəxsə külli miqdarda vergi borcu haqda bildiriş gələndə isə şikayətlər başlayıb. Zərərçəkmişlər heç bir qurum yaratmadıqları, hər hansı əməliyyat aparmadıqları halda vergi borcunun necə yaranmasına aydınlıq gətirilməsini istəyiblər.

Məlumata görə, zərərçəkənlərdən ikisinin - Quliyev Vəli İlqar oğlunun 5092 manat, Ağayev Ayxan Kənan oğlunun 14700 manat vergi borcu var.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin şikayəti əsasında araşdırmaya başlayıb və şəbəkənin izinə düşməyi bacarıb. Onların insanların şəxsi məlumatlarını necə əldə etdikləri və fəaliyyətləri hazırda araşdırma predmetidir.

İstintaq orqanlarının A.Namazov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, Anar Namazovun atası Alim Namazov uzun müddət Səbail rayon Məhkəməsinin hakimi kimi ən qalmaqallı məhkəmə proseslərini aparması ilə tanınıb. Xüsusilə Alim Namazov media qurumları və jurnalistlərə qarşı ittihamlarla bağlı keçirilən proseslərə görə məşhurdur.

Alim Namazovun işi Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul qiymətləndirildiyi üçün 2007-ci ildə hakimlik fəaliyyətinə xitam verilib.