Gündəm / Səhiyyə

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

 

 47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid Kərimovda və ailəsində çox ciddi şübhələr yaradıb

Azərbaycan səhiyyəsinin bərbad vəziyyəti – qeyri-peşəkarların yarıtmaz diaqnoz və müalicələri haqqında mətbuatda və saytlarda tez-tez yazılar, şikayətlər dərc olunur. Belə ki, həkimlərdən narazı olan daha bir nəfər redaksiyamıza müraciət edib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Respublikanın Baş Prokuroru cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyeva, Səhiyyə naziri cənab Oktay Şirəliyevə və surəti qəzetimizə ünvanlanmış müraciətdə Bakı Ürək Mərkəzinin şöbə müdiri Anar Əmraha qarşı çox ciddi ittihamlar yer alıb.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Namiq Həşimi küçəsi, bina 33, mənzil 2-də yaşayan Kərimov Zahid Balakişi oğlu redaksiyamıza gələrək, 47 yaşlı qardaşı Babək Kərimovun Bakı Ürək Mərkəzində keçirilən əməliyyatdan sonra dünyasını dəyişməsindən bəhs edən yazılı müraciətini bizə təqdim etdi və tezadlar.az saytına geniş müsahibə verdi.

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? - VİDEO

 Müraciətdən məlum olur ki, bu ilin 3 may tarixində qardaşı Babək Kərimovu Bakı Ürək Mərkəzinə gətiriblər. Müraciətdən sitat: "Xəstəxanada biz şöbə müdiri doktor Anar Əmrahla tanış olduq. Onunla qardaşımın ürəyindəki tutulan damarların açılması üçün "Stend” qoyulması barədə söhbət apardıq. Doktor dedi ki, "stend” qoyulsa, xəstəniz az yaşayacaq. Ən yaxşısı açıq əməliyyat olunmasıdır. Biz ona inandıq, razı olduğumuzu bildirdik. Doktor Anar bizə bildirdi ki, bu əməliyyat üçün xəstəxanaya yeddi min beş yüz manat (7500) verəcəksiniz. Biz razılaşdıq, ancaq sonradan bildirdi ki, əməliyyat aparılan zaman qiymət qalxa da bilər. Beləliklə, 3 may 2019-cu il tarixdə qardaşımı əməliyyat etdilər. Doktor Anarın dediyinə görə əməliyyat yüksək səviyyədə aparıldı. Lakin qardaşımı 6 gün yatılı vəziyyətdə saxladılar. Hər gün biz onlardan soruşurduq ki, əməliyyatdan 5-6 gün keçməsinə baxmayaraq qardaşım nə üçün ayılmır? Onlar yəni Anargil bizə dedilər ki, o, aqressivdi, ona görə iynə vurub yatırdırıq. Nəhayət, 9 may 2019-cu il tarixdə bizə dedilər ki, qardaşım Babək öldü. Demək 7 gün bizi aldadıblar. 

Hörmətli prezident! Bir ailəni başsız, onun balalarını yetim qoyan, hətta özünün cavan olub peşəkar həkimlik haqqında heç bir biliyə, təcrübəyə malik olmayan doktor Anar Əmrahın pula görə insanı öldürməsinə nə ad vermək olar? 
Odur ki, qardaşımı qeyri-peşəkar, həkimlik sənətini bilməyən insanlardan aldığı pula görə öldürən və aparılan əməliyyatdan sonra bizi aldadaraq qardaşımı 6 gün ölmüş halda saxlayan Bakı Ürək Mərkəzinin şöbə müdiri Anar Əmrahın məsuliyyətə cəlb edilməsini sizdən xahiş edirik”.
Məsələ artıq məlumdur. Zahid Kərimovun bizə bildirdiyinə görə qardaşı Babək Kərimov xəstəxanaya öz ayağı ilə gəlib, onlarla deyib, gülə-gülə əməliyyata gedib. Və sonra belə bir faciə baş verib. Əlbəttə, biz buna çox üzülürük qardaşına da Allahdan rəhmət diləyirik. Amma jurnalist olaraq bizi bəzi suallar narahat edirdi: Babək Kərimov Bakı Ürək Mərkəzində əməliyyatdan sonra niyə dünyasını dəyişib? Bu hadisədə doktor Anar Əmrahın günahı varmı? Bu əməliyyatın aparılması doğurdanmı son çarə idi? 
Biz həmin sahənin mütəxəssisi olmadığımız üçün bu suallara təbii ki, cavab verə bilmərik. Odur ki, Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanuna görə, həm jurnalist araşdırması aparmaq, həm də əks tərəfin mövqeyini öyrənmək üçün bizə müraciət edən Zahid Kərimovla birlikdə doktor Anar Əmrahla görüşdük. Həmin sualları da ona ünvanladım. Həkim A.Əmrah suallara cavab olaraq bunları bildirdi: "Əvvəla, heç bir həkim istəməz ki, onun müalicə etdiyi xəstə dünyasını dəyişsin. Mən qardaşı Zahid müəllimə də və bütün qohumlarına da başsağlığı verirəm. Allah rəhmət eləsin. Sualınıza cavab olaraq bildirirəm ki, xəstə üzərində əməliyyat tam düzgün aparılıb və Babək Kərimov ürək əməliyyatından yox, beyin insultu keçirməsindən vəfat edib. Xəstə lap əvvəllər də beyin insultu keçirib. Bütün dünyada belədir ki, 100 ürək əməliyyatı keçirənin 2-3 faizində beyin insultu, böyrək problemləri ola bilər. Bu adamda isə lap əvvəldən beyin insultu keçirməsi barədə sənədlər də var. Əməliyyatın ağır olacağı barədə biz Zahid müəllimə və və ailəsinə məlumat vermişdik. Bununla belə əməliyyat çox yüksək səviyyədə və uğurlu keçdi. 6 gün reanimasiyada qaldı.
Bu 6 gün ərzində Zahid müəllim qarışıq qohumları onu görürdülər, hərəkətlərini də müşahidə edirdilər. Yəni mənim keçirdiyim əməliyatda heç bir problem olmayıb. Dediyim kimi, beyin insultu ilə dünyasını dəyişib. İstənilən ekspertizaya müraciət edə bilərlər. Birmənalı olaraq deyirəm ki, Babək Kərimov ürək əməliyyatından yox, beyin insultundan vəfat edib. Bununla belə biz qohumları tərəfindən müalicə və əməliyyat üçün xəstəxanaya ödənmiş 7500 manatı, ümumi rəhbərliyin qərarı ilə, eyni zamanda yas məclislərinə kömək məqsədilə özlərinə qaytardıq. Xəstəxananın tarixində belə şey olmayıb və mümkün də deyil. Çünki əməliyyata çoxsaylı preparatlar işlənir, avadanlıqlar istifadə olunur. Bizim xəstəxana ən müasir ürək xəstəxanasıdır. Əməliyyat zamanı qan dövranını dayandırmamaq üçün xəstəni süni ürək aparatına qoşuruq ki, o da çox bahalı bir aparatdır və birdəfəlikdir. Bir əməliyyatdan sonra o atılır. Demək istəyirəm ki, bütün bunlara görə xəstənin ödədiyi pullar heç vaxt geri qaytarılmır. Amma biz müsəlmançılıq edərək, qərara gəldik ki, bu məsələdə mərhumun ailəsinə müəyyən qədər də olsa, kömək edək”.

"Əməliyyatdan qabaq hərtərəfli müayinə aparırıq. Ancaq sonluğun belə olacağını bilməzdik…” 
Həkimin bu sözlərindən sonra aramızda aşağıdakı kimi dialoq alındı:
– Anar doktor, deyirsiniz ki, xəstə ürək əməliyyatından yox beyin insultundan vəfat edib. Siz əməliyyatdan qabaq təbii ki, xəstəni tam müayinə edirsiniz və ondan sonra əməliyyata qərar verirsiniz. Bəs müayinə vaxtı sizə məlum olmadımı ki, bu xəstə beyin insultu keçirib və əməliyyata dözər və ya dözə bilməz? 
– Bilirsiniz Elçin müəllim, biz əlbəttə, əməliyyatdan qabaq hərtərəfli müayinə aparırıq. Ancaq sonluğun belə olacağını bilməzdik. Hər şey normal göstərirdi. 
– Əgər həkim xəstənin sonluğunu müəyyən edə bilmirsə, onda niyə əməliyyata qərar verir?
– Mən ABŞ-ın Klivlend xəstəxanasında təcrübədə olmuşam, Türkiyədə işləmişəm. Öz işimi də mükəmməl bilirəm. Bu əməliyyat ağır əməliyyat idi. Hətta mən dedim ki, etibar etmirsinizsə başqa həkimə də apara bilərsiniz. Dedilər ki, ehtiyac yoxdur. Bayaq qeyd etdiyim kimi beyin insultu keçirməmiş olsa belə, ürək əməliyyatı zamanı belə halların baş verməsi ehtimalı tibb elmində öz təsdiqini tapıb. Yenə deyirəm, Babək Kərimov ürək əməliyyatından yox, beyin insultundan vəfat edib. Mən burada nəinki kənar, hətta öz iş yoldaşlarımın yaxın qohumlarını da əməliyyat etmişəm, heç bir problem olmayıb. 
– Yaxşı artıq hadisə baş verib və bugündən sonra heç nəyi geri qaytarmaq mümkün deyil. Bəlkə də xəstənin ömrü həmin gün tamam olacaqmış. Bu da deyək Allahın işidir. Bəs xəstəxanada baş verən ölüm hadisəsinə görə rəhbərlik xəstənin ailəsinə hər hansı bir kompensasiya verməyi düşünürmü? 
– Bilirsiniz, əgər hadisə bizim günahımız üzündən baş versəydi, bəlkə də bu barədə düşünmək olardı. Biz yenə də təklif vermişdik ki, az da olsa, ailəsinə kömək edək. Ancaq hadisədən sonra Bakı Ürək Mərkəzinin baş həkimi Rəşid Vəzirov xüsusi komissiya yaratdı. Həmin komisiya bir də dərindən araşdırma apardı və müəyyən olundu ki, xəstə bizim günahımız üzündən deyil, sadəcə beyin insultundan dünyasını dəyişib. Ona görə də hər hansı bir kompensasiyanın verilməsi məqsədə uyğun deyil. Mən elə sizin yanınızda Zahid müəllimə də deyirəm ki, onların hüquqları var, bu hadisəni də istənilən hüquqi müstəvidə araşdırmağa qərar verə bilərlər. Bu xəstəxanaya nəinki həkimlər, hətta tibb bacıları belə ən çətin imtahanlardan keçərək işə götürülürlər. Ona görə də komisiyada sübut etdi ki, bizim heç bir günahımız yoxdur. Dediyim kimi, xəstəxanamız ən müasir avadanlıqlarla təmin olunub, yüksək standartlara cavab verən əməliyyatlar həyata keçirilir. Amerikalı ürək həkimi bizim xəstəxanamızda olarkən birmənalı olaraq qeyd etdi ki, bu mərkəz Beynəlxalq müalicə müəssisəsi olmağa qadirdir. Bu səbəbdən Bakı Ürək Mərkəzinə ən peşəkar həkimlər cəlb olunub. Tam əminliklə deyə bilərəm ki, hadisə bizim günahımızdan baş verməyib. 
Bu sözlərdən sonra mərhumun qardaşı Zahid Kərimov söhbətə qoşulur:
– Həkim, mənim qardaşım özü ayaq üstə bura gəlib. Başqa yerdə o anju olunmuşdu. Ona demişdilər ki, əməliyyat ola da bilər, olmaya da. "Stend”lə də kifayətlənmək olardı. Siz isə dediniz ki, mütləq əməliyyat lazımdır. "Stend” qoyulsaydı, az da olsa, yəni bir neçə ay yaşayacaqdı. Amma əməliyyatdan sonra heç 6 gün yaşamadı. Əməliyyatın ağır olacağını bilə-bilə nəyə görə buna getdiniz, "Stend” qoymadınız? 
Doktor Anar Əmrah:
– Zahid müəllim, bu barədə həm sizinlə söhbətlərinizdə, həm də indi Elçin müəllimin iştirakı ilə ətraflı məlumat verdim. Həkimlərin ümumi rəyi belə oldu ki, xəstə əməliyyat olunmalıdır. Və indi də o fikirdəyəm ki, bu qərarı düzgün qəbul etmişik. Mənim etdiyim əməliyyatda heç bir səhv olmayıb. Mən heç kəsdən çəkinmirəm. Müraciət edin lazımı orqanlara, qoy gəlib araşdırma aparsınlar. Mən özümə tam arxayınam ki, işimdə heç bir səhv yoxdur. Bir daha qeyd edirəm ki, heç bir həkim istəməz ki, onun xəstəsi vəfat etsin. Nədən vəfat etdiyini də artıq sizə söylədim. Yenə də deyirəm. Allah rəhmət eləsin, mən buna çox təəssüflənirəm. 
***
Biz jurnalist olaraq və KİV haqqında qanuna istinad edərək hər iki tərəfin mövqeyini olduğu kimi təqdim etdik. Nə Zahid müəllimi, nə də doktor Anar Əmrahı günahlandıra bilmərik. Bu sahənin öz mütəxəssisləri var. Yəqin ki, aidiyyətı qurumlar bu məsələni dərindən araşdıracaqlar və günahkar müəyyən edilərsə, təbii ki, cəzalanması qaçılmaz olacaq. Biz inanırıq ki, ölüm hadisəsi olduğuna görə faktı Baş prokurorluq çox ciddi araşdıracaq, həkimin günahı sübut olunarsa, onda cinayət işinin başlanmasına qərar veriləcək. Səhiyyə Nazirliyi tərəfindən də yəqin ki, məsələyə ciddi münasibət bildiriləcək. Hər halda nazir cənab Oktay Şirəliyev istəməz ki, nüfuzlu bir xəstəxananın imicinə zərbə dəysin. Bu səbəbdən hadisənin düzgün araşdırılacağına inanırıq.