Gündəm / Siyasət / Cəmiyyət

Cənubi Qafqazda son vəziyyət

Cənubi Qafqazda son vəziyyət.

2018-ci ildə qərb dövlətlərinin dəstəyi ilə Ermənistanda hakimiyyətə gətirilmiş Nikol Paşınyan qərbyönümlü siyasətini davam etdirir. Bu siyasət son aylarda Ermənistan-Rusiya münasibətlərinin əleyhinə olmaqla yanaşı, rəsmi İrəvanın ABŞ və Fransanın təhriki, təzyiqi ilə gərginliyin artırılması istiqamətində davam etdirilir. N.Paşinyanın hakimiyyətə gətirilməsində şərtlərdən biri də Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və Qərbin regiondakı mövqelərinin gücləndirilməsidir. Qərb dövlətləri bu gün də Ermənistanı təhrik etməklə açıq aydın Rusiya əleyhinə çıxışlar edirlər. Görünür ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır.

Ermənistanın baş naziri N. Paşinyan və digər dövlət rəsmiləri (KTMT) ilə aralarında olan qarşılıqlı münasibətlərin son zamanlar dondurulduğu haqqında dəfələrlə bəyanat veriblər. Ermənistan həmçinin "Zvartnots” hava limanını Rusiya hərbçilərinin təhlükəsizlik təftişindən təmizləyəcəyini bəyan edir.

Hər İki tərəfin qarşılıqlı son rəsmi açıqlamaları onu deməyə əsas verir ki, İrəvanla Moskva arasında münasibətlər pik həddinə çatmaq üzrədir. Rusiyanın ölkəsini dəfələrlə aldatdığını bildirən Ermənistan parlamentinin spikeri Alen Simonyanın məlumatına görə, Rusiya Ermənistanı Azərbaycanla 44 günlük müharibədə də tək qoyub. A.Simonyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını elan edib.

Nəzərə alaq ki, Ermənistanda yerləşdirilən 102-ci hərbi bazasının timsalında Rusiyanın bu ölkə üzərində təsir imkanları kifayət qədər çoxdur. A. Simonyan bildirib ki, "Zvartnots” hava limanında avqustun 1-dən başlayaraq sərhəd nəzarətini özlərinin həyata keçirmək istəyi haqqında Rusiya tərəfinə rəsmi məlumat göndərilib. Rusiya ilə Ermənistan arasında 1992-ci ilin sentyabrın 30-da imzalanan müqaviləyə (Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında) əsasən:

1.Rusiya Ermənistanın İran və Türkiyə ilə sərhədlərini mühafizə edir.

2."Zvartnots” hava limanında Rusiya nəzarət-buraxılış məntəqəsi yaradıb.

Ermənistan "Zvartnots” hava limanının təhlükəsizliyini bu ilin avqust ayının 1-dən başlamaqla Rusiyanın nəzarətindən çıxarmağı hədəfləsə də, İran və Türkiyə ilə sərhədlərin qorunmasını yenə Moskvaya etibar edir.Ermənistan rəsmiləri Rusiya ilə təhlükəsizlik əlaqələrini tədricən azaltmağı məqsədəmüvafiq hesab edir. Ermənistan Rusiyadan uzaqlaşmaq üçün 2024-cü ildə bir neçə addımlar atıb:

Ermənistanın Baş naziri N. Paşinyan bu ilin fevral ayında Fransa telekanallarından birinə müsahibəsində deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü "dondurub”. Ermənistan Sovet İttifaqının dağılmasından sonra Moskvaya arxalanmasını "strateji səhv” adlandırıb.Ermənistan rəsmi olaraq Moskvaya Rusiya sərhədçilərinin daha İrəvan hava limanında fəaliyyət göstərməsinə icazə verilməyəcəyi barədə məlumat verib.

Rusiyanın rəsmi dairələri tələsik addımlar atmamağa çalışır. Çünki Moskva qərbin planlarından xəbərdardır. Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəzərə alsaq, ilkin mərhələdə Moskva İrəvanı iqtisadi sanksiyalarla boğmağa cəhd edəcək.

Əgər yaxın gələcəkdə Rusiya Ermənistana hərbi müdaxilə edərsə, bu qərbin xeyrinə olar, yəni, Ukraynada olduğu kimi. Burada bəzi məqamlar var.Ermənistan əhalisinin sayına, ərazisinə, canlı əsgəri qüvvəsinə və hərbi gücünə görə Ukrayna ilə müqayisə oluna bilməz. Daha doğrusu Ermənistanın hər bir cəhətdən Rusiyaya qarşı müqavimət göstərməsi çox azdır. Qərb dövlətləri Ermənistana sona qədər dəstək verməyəcək.
Digər tərəfdən Rusiyanın Ermənistandakı müxalif qrupları Paşinyana qarşı ayaqlandırmaq cəhdləri uğursuz alınır və İrəvanda bu yolla dövlət çevrilişini həyata keçirmək mümkün olmur.

Türkiyə və Azərbaycan Şuşa bəyannaməsinə əsasən regionda baş verən xoşa gəlməz hadisələrə anındaca müdaxilə etməklə proseslərə strateji istiqamət verə bilmək gücündədir. Bu müdaxilə həm də regionun strateji müdafiəsinin təminatıdır. Bunun üçün Ermənistan ilk növbədə regionu Rusiya-Qərb savaşının meydanına çevirməkdən imtina etməlidir. Əgər İrəvan Rusiyanı regiondan çıxarmaq üçün ABŞ və Fransa razılaşmasından istifadə etməklə Azərbaycana qarşı yenidən revanş götürmək eşqinə düşərsə, Bakının cavablarının miqyası çox geniş və sərt olacaq.
Mirfazil Həmid: Demokratik Birlik Partiyasının (DBP) sədri.

Mirfazil Həmid
Demokratik Birlik Partiyasının sədri