Gündəm / Siyasət

“Qafqaz evi” nə vaxt qurulacaq? (ŞƏRH)


"Bunun üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında münasibətlər tənzimlənməli, düşmənçilik aradan qaldırılmalı, normal münasibətlər qurulmalı, yollar açılmalı, ticari münasibətlər bərpa edilməlidir”.

"Kanal14.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Qafqaz evi”nin yaradılması təklifini şərh edərkən deyib.

Z.Əlizadə bildirib ki, müştərək iqtisadi maraq, təhlükəsizlik sahəsində müştərək maraqlar, ümumi mənafe və insanların fəallığı bölgədə tədricən qüvvələrin cəmlənməsi, əlaqələndirilməsi üçün münasib mühit yaradacaq:

”Ondan sonra "Qafqaz evi”nin yaradılmasına start veriləcək. Avropa İttifaqı da belə yaranıb. Vaxtilə Avropa dünya müharibəsinin beşiyi idi. İnsanlar bir-birini qırır, hərbi məqsədlərə nəhəng pullar xərclənirdi. Amma elə ki, ABŞ-ın çətiri altında Avropada təhlükəsizlik bərpa olundu, fikirlər iqtisadi əməkdaşlığa yönəldi. Nəticədə, müasir Avropa İttifaqının əsası qoyuldu”.

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə düşünür ki, "Qafqaz evi” təklifinin reallaşması üçün ilk öncə bu istiqmaətdə təşəbbüslərlə çıxış etmək və layihə üzərində işə başlamaq lazımdır:

"Təkcə bunu bəyan etməklə məsələ bitmir. Layihə üzərində işləmək, onu tam hazır vəziyyətə gətirmək, təkliflər vermək lazımdır. Bu prosesdə lokomotiv rolunu oynamaq lazımdır”.

Siyasi şərhçi Arif Əliyevin fikrincə isə, "Qafqaz evi”nin reallaşması üçün müdafiə, ekoloji, iqtisadi, nəqliyyat maraqlarında ümumi baxışlara gəlmək tələb olunur ki, bu da hələlik yoxdur:

"”Qafqaz evi” ideyası böyük tarixə malikdir. Hələ ötən əsrin əvvəllərindən geniş müzakirə olunmağa başlanılıb. İndi də tədricən, bəzən gündəmə gəlir. Hələ onun icrası mümkün deyil. Çünki "Qafqaz evi”ndə bir sıra maraqlarda, müdafiə, ekoloji, iqtisadi, nəqliyyat maraqlarında ümumi baxışlar tələb olunur ki, bunlar da hələ yoxdur. Ona görə də hələlik ideya real görünmür”.

Qeyd edək ki, artıq bir əsrdən çoxdur ki, "Qafqaz evi” məsələsi müzakirə olunur. Son zamanlar bu ideya yenidən aktuallaşıb. Amma hələlik ideya sadəcə söz olaraq qalmaqdadır. Onun həyata keçməsi üçün hər hansı bir real addımlar atılmır.