Siyasət

Türkiyənin hədəfi: Bakı “qırmızı xəttdir”!

Türkiyə rəsmi şəkildə Azərbaycanın yanında olduğunu, hər mənada onu dəstəklədiyini bildirir. Hazırda ölkəmizdə davam edən hərbi təlimlər isə bunun əyani sübutudur.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı Liviya və Suriyada baş verən proseslərlə yanaşı, Azərbaycan haqqında da danışmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ərdoğanın Azərbaycana qarşı təxribatı bir daha gündəmə daşıması bu ölkənin regiondakı geosiyasi maraqlarının siyasi arealını göstərir:

"Türkiyə regionda yüksələn hərbi-siyasi gücdür. Böyük güclər onunla Liviya və Suriyada hesablaşmalı oldu. Bəzən deyilir ki, Türkiyə Suriya və Liviyada nə uğur qazandı? Reallıq budur ki, böyük güclərin qarşısında söz demək, geri addım atmamaq da uğurdur. Faktiki olaraq Türkiyə bu gün Liviya və Suriyada aktiv bir rola malikdir. Bəlkə də yaxın zamanda Liviyada vətəndaş müharibəsi bitəcək və bunun səbəbkarı Türkiyədir. Belə olduqda Türkiyənin diqqətini tam olaraq Qafqaza çevirməsi, Azərbaycanı dəstəkləməsi regionda siyasi prosesləri əsaslı surətlə dəyişəcək”.

Politoloqun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qırmızı xətdir:

"Ərdoğan administrasiyasının son illərdə apardığı siyasətə diqqət yetirsək, görə bilərik ki, Türkiyə üçün qırmızı xətlər var. Türkiyə üçün bu gün regionda əsas qırmızı xətt siyasi-hərbi müttəfiqi Azərbaycandır. Azərbaycan Türkiyə üçün düşünüləndən daha çox önəm daşıyır. Azərbaycan regionun hərbi-iqtisadi baxımdan inkişaf edən gücüdür. Xüsusilə türk ölkələrilə yaxınlığımız və Türkiyənin bu ölkələri vahid təşkilatda bir araya gətirərək birlik yaratmaq ideyasının kilid nöqtəsi məhz rəsmi Bakıdır”.

Politoloq qeyd edib ki, bundan başqa, Azərbaycan Qafqaz və Mərkəzi Asiya neft və qazını Avropa bazarına çıxaran meqa layihələrin icraçısıdır:

"Türkiyə faktiki olaraq Azərbaycanla birlikdə Qərbin yanacaq asılılığını azalda biləcək alternativdir. Bütün bunlar bizə bu sözü deməyə əsas verir: Ankara Bakını nə Ermənistan, nə də onun arxasındakı gücün qarşısında yalnız qoyacaq”.