Gündəm / Siyasət / Cəmiyyət

Prezidentə hədiyyə edilən Osmanlı baltasının mənası

Prezidentə hədiyyə edilən Osmanlı baltasının mənası

Xəbər verdiyimiz kimi, Hulusi Akar Azərbaycana səfəri çərçivəsində ölkə lideri tərəfindən qəbul edilib. O, Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb. Keçmiş müdafiə naziri daha sonra ölkə liderinə xatirə hədiyyəsi təqdim edib.

"Kanal14.az"ın məlumatına görə, Hulusi Akarın İlham Əliyevə hədiyyə etdiyi Osmanlı baltası qazanılmış zəfəri əks etdirir. Şüşədən hazırlanmış soyuq silah İslam aləmində fəthin əldə edilməsi baxımından müqəddəs məna daşıyır.

Balta poladdan hazırlanıb və 1 kq çəkidədir. "Vekili Teber" adlanan balta 16-17-ci əsrlərə aid edilir. Onun əsli Topqapı Sarayında Sultanın Silah Kolleksiyasında saxlanılır. Tarixi eksponat əsasında xüsusi hazırlanmış hədiyyə isə, adətən, 24 karat qızıl və relyef dizaynları ilə bəzədilir.

Üzərində köhnə Osmanlıca yazılmış sözlər var ki, onlar da mühafizə məqsədi ilə polada həkk olunub. Belə ki, balta üzərində güzgülü şəkildə "Əl-Əziz" sözü yazılıb. Bu da Allahın 99 adından biridir. Söz əzəmət, məğlub edilməsi mümkün olmayan, həmişə qalib gələn və sonsuz izzət və hörmət sahibi mənasını verir.