Gündəm / Cəmiyyət / Hadisə

“İsgəndər ASA Holdinq”in 150 minlik dələduzluq edən əməkdaşı ilə bağlı QƏRAR


Ali Məhkəmədə dələduzluqda və saxta sənədlər hazırlamaqda ittiham olunan Rüstəm Qurbanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Kanal14.az"ın Pravda.az-a istinadən əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rüstəm Qurbanovun şikayətini təmin etməyib.

İttihama görə, Rüstəm Qurbanov 25 yanvar 2018-ci il tarixdən etibarən əmək müqaviləsi ilə hüquqi ünvanı ünvan "İsgəndər ASA Holdinq” şirkətlər qrupunun məşğulluq təsnifatı üzrə baş direktorun köməkçisi, əmək müqaviləsi üzrə şirkətin prezidentinin idarəetmə və daxili inzibatçılıq məsələləri üzrə köməkçisi vəzifəsində işləyib. O, 2020-ci ildə A.Əbdüləzizov və onun oğlu Z.Əbdüləzizova özünü sözügedən şirkətin vitse-prezidenti kimi təqdim edib, nazirliklərdən biri tərəfindən ümumi dəyəri 100 milyon manat təşkil edən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak edəcəyinə inandırıb. Rüstəm bu məqsədlə şərik qismində onlardan 150 000 manat pul alıb. Eyni zamanda, o, kompüter və printer avadanlığı vasitəsilə rəsmi sənəd hesab olunan gəlir müqaviləsi, habelə Rusiyada fəaliyyət göstərən OJSC "Mamonovskiy Ribokonservniy” Kombinatından konservləşdirilmiş Atlantik skumbriya balıq məhsullarının Azərbaycana idxalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin adından icazə sertifikatlarını istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb.

Daha sonra Rüstəm Qurbanov verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.