Gündəm / Cəmiyyət / Təhsil

Bu il 32 təhsil müəssisəsinin təmir-tikintisinə başlanılması planlaşdırılır

Bu il 32 təhsil müəssisəsinin təmir-tikintisinə başlanılması planlaşdırılır
2023-cü ildə 40 təhsil müəssisəsində (3 peşə, 3 məktəbdənkənar, 1 internattipli, 33 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Bildirilib ki, bunlardan 23 təhsil müəssisəsi istismara verilib. Daha 38 təhsil müəssisəsinin (25 tikinti, 13 əsaslı təmir və bərpa-gücləndirmə) təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir. Layihələndirilməsi aparılan 32 təhsil müəssisəsinin bu il təmir-tikintisinə başlanılması planlaşdırılır.

Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi tamamilə başa çatıb.

Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, 4 məktəbdənkənar, 12 internat, 1 kollec) isə cari təmir olunub.

Təhsil müəssisələrinin təmir-tikintisi ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq həyata keçirilir.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə 550 şagird və 84 müəllim daxil olmaqla 7 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.