Gündəm / Foto / Mədəniyyət

“Eşq mələyi” - Qadın həbsxanasında kitab təqdimatı // FOTO


"DogruXeber.az" xəbər verir ki, ötən gün tanınmış yazıçı, publisist, Yazıçılar Birliyinin üzvü Adəm İsmayıl Bakuvi Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində "Eşq mələyi” adlı romanını təqdim edib.

Təqdimat mərasimində Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Komunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Dilarə Əliyeva adına "Qadın Hüquqları Cəmiyyəti"nin sədri Novella Cəfəroğlu, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Səidə Qocamanlı, Ombudsman aparatının rəhbər əməkdaşları, xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Elxan Şirinov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Aynur Sabitova, Azərbaycanda ilk dəfə bir yazıçının müəllifi olduğu kitabını həbsxanada təqdim etdiyini bildirib.

Qonaqlarla məhbus qadınlar arasında sual-cavab və maraqlı müzakirələr baş tutub. 4 saat davam edən tədbirdə kövrək, duyğu dolu anlar yaşanıb. Belə ki, həbsxananın qadın məhbusları da gələn qonaqlara sürpriz edərək, şeirlər söyləyib, mahnılar oxuyub və səhnəciklər göstəriblər. Cəzaçəkmə müəssisənin rəisi Elgiz İsmayılov sonda müəllifə və gələn qonaqlara minnətdarlığını bildirərək qeyd edib ki, müəssisənin 500-ə yaxın qadın məhbusu müəllifin "Eşq mələyi” romanını bir neçə günə oxuyaraq bitirib. Təqdimatın nəticəsi olaraq, Ədliyyə Nazirliyinin rəhbər şəxsləri belə qərara aldı ki, bu cür tədbirlər adət halını alsın və digər müəssisələrdə də yazıçılarla görüşlər keçirilsin. Adəm İsmayıl Bakuvi gələn qonaqlara və rəhbər şəxslərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, müəllifin "Eşq mələyi” kitabının ilk təqdimatı 9-cu Beynəlxalq kitab sərgisində baş tutmuşdu. Kitaba qadınlar və gənclər arasında tez bir zamanda maraq yaranıb və 10 min nüsxəsi tez bir zamanda satılıb. Müəllif həmçinin artıq romanla bağlı film və serial dəvətləri aldığını da bildirib.

"DogruXeber.az" olaraq xatırladaq ki, noyabr ayının 12-də müəllifin Beynəlxalq Kitab sərgisində "Məhşərin divanı: Yalanın 17 anı" adlı, erməni xəyanətkarlığından bəhs edən daha bir kitabının da təqdimatı keçirilmişdi.

"Müasir ədəbi proseslər və yeni trendlər" mövzusunda tədbir keçirilib - FOTO+Video

DogruXeber.az