Gündəm / Siyasət

Xankəndidə “seçki” oyunu və... - “Azərbaycan hərbi gücdən istifadəyə məcbur qalacaq”

Xankəndidə

Kanal14.az: - Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında qalmış xunta rejimi qondarma qurumun yeni "rəhbərini” müəyyənləşdirmək üçün "seçki” keçirmək istəyir. Ermənistan mediasının yazdığına görə, Araik Arutunyanın "istefasından” sonra "başsız” qalan separatçılar sentyabrın 9-da "prezident seçkiləri” keçirmək qərarına gəliblər. Rejimin "parlamenti” "spiker” David İşxanyanın və "dövlət naziri” Samvel Şahramanyanın "namizədliyini” nəzərdən keçirir.

Ekspertlər Azərbaycanın Qarabağdakı bu "hakimiyyət” oyununa son qoymaq və suverenliyi bərpa etmək üçün Xankəndiyə qoşun yeridə biləcəyini istisna etmirlər. Analitiklər hesab edirkər ki, Xankəndidəki "seçki” oyununun baş tutmasına imkan vermək olmaz. Xunta rejiminə elə bir dərs verilməlidir ki, onlar Azərbaycanın nə qədər ciddi olduğunu və təslim olmaqdan başqa yollarının qalmadığını anlamış olsunlar.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, hazırda Azərbaycana məsələni bitirmək üçün münbit şərait yaranıb:

- Dünyadakı və bölgədəki vəziyyət Bakının maraqlarına uyğundur. Azərbaycanın lehinə işləyən üç amil var ki, bunun birincisi Rusiyanın Ukraynada apardığı işğalçı müharibədir. Rusiya diqqətini və enerjisini əsasən Ukrayna istiqamətinə yönəldib. İkinci amil Ankara-Moskva dialoqudur. Türkiyə Prezidentinin Rusiyaya səfəri, Putinlə müzakirələr və ölkələr arasında müəyyən qarşılıqlı razılaşmalar bizim yararımızadır. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın dostu, qardaşı olmaqla yanaşı, həm də strateji müttəfiqidir. Üçüncü amil isə Ermənistan rəsmilərinin son zamanlar artan anti-Rusiya bəyanatlarıdır. Başda Paşinyan olmaqla, İrəvandan rəsmilərin səsləndirdiyi fikirlər Rusiya hakimiyyətini narazı salıb. Bu amillərdən Azərbaycan səmərəli istifadə etməlidir. Qarşıdakı iki ildə Azərbaycan iki ən vacib hədəfinə çata bilər. Həm Qarabağdakı Rusiya hərbi kontingentini sağ-salamat yola sala, həm də separatçıları tərk-silah edib Qarabağın tamamına nəzarəti ələ keçirə bilərik. Bunları biz daha tez də həll edə bilərik, çünki hadisələr, proseslər çox sürətlə gedir.

- Söhbət hansı proseslərdən gedir?

- Hazırda Qarabağda baş verən hadisələr sürətlə gedir. Separatçıların öz aralarında qarşıdurma var ki, bu qarşıdurma dərinləşərsə, Azərbaycan müdaxilə edə bilər. Çünki ərazi Azərbaycan ərazisidir və orada baş verənlərin birbaşa Bakıya dəxli var.

İkinci məsələ isə qondarma rejimin "rəhbər seçkisi” cəhdidir. Azərbaycan mütləq burada müdaxilə etməlidir. İmkan vermək olmaz ki, Azərbaycan ərazisində separatçılar "seçki” adlı şou yaratsınlar. Çox güman ki, bu məsələlər Azərbaycanın ali səviyyəsində müzakirə edilir, variantlar nəzərdən keçirilir. Burada Türkiyə ilə koordinasiyalı hərəkət, məsləhətləşmələr də var. Çünki İkinci Qarabağ müharibəsində də Türkiyə ilə koordinasiyası addımlar atırdıq ki, qardaş ölkə Azərbaycana qarşı təzyiqləri neytrallaşdıra bilsin. İndi yenə də bundan istifadə edilməlidir.

Demək istədiyim odur ki, hərbi müdaxilə mümkündür. Görünən odur ki, danışıqlarla məsələ həllini tapmır. Biz 30 il Ermənistanla sülh danışıqları aparmışıq, heç bir nəticə əldə olunmadı. Sonunda hərbi yola üstünlük verildi, ərazilərimizin böyük qismi azad edildi. Ermənistan rəhbərliyi və Qarabağdakı quldur dəstələr danışıqlar dilini başa düşmürlər. Radikal elementlər güclə hesablaşırlar ki, onlara da güc göstərilməlidir.

- Azərbaycan 44 günlük müharibədə gücünü göstərdi axı…

- Bəli, Azərbaycan Ordusu gücünü göstərdi, işğala son qoydu. Amma indi sanki Ermənistan və Qarabağdakı xunta rejimi İkinci Qarabağ müharibəsini, savaşın nəticələrini unutmağa başlayıblar. Bu gün İrəvan da, Xankəndidəki ünsürlər də Azərbaycanla şərtlə danışırlar. Bakıdan verilən bütün təkliflər geri çevrilir, şərt qoyurlar, tələblər irəli sürürlər. Sanki müharibədə biz yox, onlar qalib gəliblər. Biz gərək qalibin kim olduğunu xatırladaq.

Düşünürəm ki, baş verənlər o həddə çatacaq ki, Azərbaycan yenə də hərbi güc amilindən istifadəyə məcbur olacaq. Ermənistanla sülh danışıqlarından bu il real nəticə gözlənilmir. Düzdür, oktyabrda Qranadada Avropa platforması üzrə liderlərin görüşü gözlənilir. Lakin nəticənin olacağı şübhəlidir. Separatçılar faktiki olaraq xaotik vəziyyət yaradırlar, təxribatlar davam edir, Rusiya hərbi kontingenti isə xunta rejiminə dəstək verir. Belə vəziyyətdə sülh danışıqlarının müsbət nəticəsi mümkünsüzdür.

Baxın, bizim üçün bu gün əsas məsələ Ermənistanla sülh sazişi deyil, Qarabağın tamamında nəzarəti bərpa etmək, Xankəndidə suverenliyin bərpasıdır. Prezident İlham Əliyevin də dediyi kimi, sülh sazişi olmayacaqsa, olmasın, bu problem deyil. Problem Azərbaycan ərazisində hələ də terrorçu rejimin qalması, silahlı ünsürlərin qalması və qondarma qurumu yaşatmaq üçün "seçki” oyunudur.

- Dediklərinizdən belə anlaşılır ki, hazırda bölgə yeni müharibə astanasındadır…

- Separatçıların və Ermənistanın davranışları 2020-ci ilin sentyabrın 27-dən əvvəlki vəziyyəti xatırladır. Onda da vəziyyət getdikcə gərginləşirdi. İrəvandan təxribat xarakterli açıqlamaların və addımların sayı artmışdı. Hətta Ermənistanın o zamankı müdafiə naziri Tonoyan bildirmişdi ki, yeni ərazilər işğal edəcəklər. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlatdı. İndi də sanki eyni proses gedir. Növbəti təxribat, növbəti dözülməz durum yeni əməliyyatı qaçılmaz edir. Sadəcə burada bir nüans var ki, bu bir qədər çətin situasiya yaradır. İkinci Qarabağ müharibəsinə başlayanda qarşımızda ancaq Ermənistan ordusu və separatçı silahlılar var idi. İndi isə bölgədə Rusiya hərbi kontingenti var və biz istəmirik ki, ruslarla qarşıdurmaya gedək. Xeyrimizə işləyən nüans isə son günlər Ermənistan rəsmilərinin Rusiya əleyhinə bəyanatlarıdır. Bu açıqlamalar Rusiyanı qıcıqlandırıb. Təsadüfi deyil ki, bir gün ərzində həm rəsmi Moskvadan, həm də Kremldən Ermənistan rəsmilərinin cavabı sərt şəkildə verdi, kəskin ifadələr işlətdilər. Bunlar Azərbaycanın lehinə işləyən amillərdir.

Düşünürəm ki, Azərbaycan Ordusu münasib günü seçib Xankəndiyə daxil olmalı və orada qayda-qanun yaratmalıdır. Düzdür, yenə də hay-küy salacaqlar, "etnik təmizləmə” nağılı danışacaqlar. Amma biz gördük ki, 44 günlük müharibədə də hay-küy salmışdılar. Sonda Azərbaycan hədəflərinə çatmış oldu. Bu dəfə də hədəfə çatmaq üçün addımlar atılmalıdır.