Gündəm / Siyasət

General Rüstəm Muradovun Qarabağı tərk etməsi NƏYİ DƏYİŞƏ BİLƏR?

General Rüstəm Muradovun Qarabağı tərk etməsi
Erməni mediası Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyi barədə yazır. Aleksey Avdeyevin hətta sülhməramlıların gələcək komandanı kimi təhvil-təslim işlərinə başladığı iddia olunur.

Ermənistan mediası həm də iddia edir ki, R.Muradovun geri çağırılmasının səbəbi onların narazılığıdır. Sülhməramlı qüvvələrə yeni komandanın gəlməsi nəyi dəyişə bilər, ermənilər Muradovun müsəlman kimliyinə görəmi narahat idilər? Muradovun bəzi hərəkətləri-separatçıların başçısı Araik Arutyunyanla qucaqlaşması, ermənilərə həddən artıq isti yanaşması Azərbaycanda da qıcıq doğururdu. Rusiyanın Milli Qəhrəmanı olan Rüstəm Muradov üçün Qarabağda sülhməramlı korpusa rəhbərlik etmək zatən müvəqqəti idi, yoxsa Moskva bəzi şikayətlərə görə onu dəyişə bilər?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun milli və dini kimliyi heç bir əhəmiyyət kəsb etməyib. O, burada birbaşa Rusiyanın siyasətini həyata keçirir və buna sadiqdir: «Cinayətkar Araik Arutyunyanı heç xristian rus general müsəlman general Muradov kimi qucaqlayıb bağrına basmayıb. Tarixə nəzər salsaq məhz müsəlmanlara qarşı həmişə Rusiya elə müsəlman bir Rusiya hərbçisi vasitəsilə zərbə vurub.

Bu gün Qarabağda Rüstəm Muradovun fəaliyyəti məhz Moskvanın siyasətini burada həyata keçirmək, separatçılara qucaq açmaqdır: "Demək olar ki, o, Araik Arutyunyan və Vitali Balasanyanla dostdur və onlarla birgə koordinasiyalı şəkildə işləyir. Halbuki sülhməramlı qüvvələr Azərbaycanın ərazisindədir və Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməlidir. Bundan əlavə, Rüstəm Muradov Xankəndindən Bakıya gələndə gedir İrəvana, təyyarə ilə gəlir. Halbuki o, Şuşadan düşməklə, Bakıya gələ bilər. Göründüyü kimi, onun burada fəaliyyəti erməni maraqlarına xidmət edir. Düşünmürəm ki, ermənilər ondan narazıdır. Əgər Muradovun fəaliyyəti başa çatırsa, bu, rotasiya qaydalarına uyğun şəkildə həyata keçilir. Və bu müddət ərzində Rüstəm Muradov ermənilərin rəğbətini və azərbaycanlıların narazılığını qazanıb. Rusiya da məhz erməni separatçılarını hələ də müdafiə etdiyi üçün Muradovun orada qalmasında maraqlıdır. Artıq burada yerli şəraiti yaxşı bilir. Əgər yeni bir komandan gələcəksə, o da Rusiyanın siyasətini həyata keçirəcək. Dəyişən bir proses olmayacaq. Çünki Muradov, ya digəri birbaşa Moskvaya tabedir. Azərbaycan bu gün sülhməramlı qüvvələrin fəaliyyətindən narazıdır. Amma mən düşünmürəm ki, Rusiya Ermənistanın və ya Azərbaycanın şikayəti ilə sülhməramlı qüvvələrinin komandanını dəyişsin”.

Politoloq hesab edir ki, nəzəri cəhətdən Rusiyanın məhz şikayətlərə görə Rüstəm Muradovu geri çağırması baş versə, bu, şikayət edən tərəfin mövqeyinin müəyyən qədər möhkəmlənməsinə səbəb ola, yeni gələcək komandanı isə daha ölçülü-biçili davranmağa sövq edə bilər.//"Yeni Müsavat”