Gündəm / Siyasət / Cəmiyyət

"Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün ərizə ilə müraciət etməlidirlər" - Hacıyev


"Hüquqi baxımdan Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan "ilhaq siyasəti” həyata keçirib və o, qeyri-qanuni yolla regionun, demək olar ki, bütün erməni sakinlərinə pasport paylayıb”.

"Kanal14.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World”ə açıqlamasında deyib.

"Nəticə etibarı ilə Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar”, - deyə prezidentin köməkçisi bildirib.

Hacıyevin sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. O qeyd edib ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının (FCNM) iştirakçısıdır. "Belə konvensiyalara əsasən, biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq", - Hacıyev qeyd edib.