Gündəm / İqtisadiyyat / Cəmiyyət

Zabuxu bu qiymətə sökürüksə, tikməyə nə qədər pulumuz çıxacaq?

Zabuxu bu qiymətə sökürüksə, tikməyə nə qədər pulumuz çıxacaq?

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu növbəti tenderə yekun vurub.

"Kanal14.az" DİA.AZ-a istinadən xəbər verir ki, "Konsept Holding” MMC (VÖEN: 1500015641) qalib olub.

Müqavilədə Laçın rayonunun Zabux yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur.

Qalib şirkətə 1 371 830 manat ödəniləcək.

Qeyd edək ki, "Konsept Holding" MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əvvəl 4 iri məbləğli tenderini udub.

Zabuxu bu qiymətə sökürüksə, tikməyə nə qədər pulumuz çıxacaq?


Bu rəqəmlərin yaratdığı təəssüratlara uyğun olaraq bir araşdırma zərurəti hiss etdik... Kaş ki bu zərurəti gərəkən dövlət qurumları da hiss etsəydi...

Vergilər Nazirliyinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 2000 AZN olan "Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 29, mənzil 150A-da yerləşir. Holdinqin qanuni təmsilçisi isə Hüseynov Tahir Rasim oğludur.

Açıq mənbələrdə Tahir Hüseynov barədə hər hansı məlumat yoxdur. Amma "Konsept Holding” barədə kifayət qədər maraqlı materiallar var. Məsələn, aydın olur ki, holdinq əvvəllər "Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Bu MMC-nin sahibi isə Nasir Mustafazadə olub. Nasir Mustafazadə barədə məlumatlarda onun "Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.

Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. 2017-ci ildə "Əməkdar mühəndis” fəxri adına layiq görülən Nasir Mustafazadənin Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş rəhbərliyinə yaxın şəxs olması barədə iddialar var. Əhməd Əhmədzadənin dövründə ASC-nin dəyəri milyonlarla manatla ölçülən tenderlərində "Azəri Servis LTD” MMC-nin də qaliblər sırasında olması bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Ümumiyyətlə, "Azeri Servis LTD” MMC-nin sifarişçiləri əsasən "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.

Üç il əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün "Azəri Servis LTD” MMC ilə 2 milyon 212 min 500 AZN dəyərində müqavilə imzalayıb.

Media "Azəri Servis LTD” MMC-nin vaxtaşırı milyonluq tenderlərin qalibi olmasını "şübhəli tender əməliyyatı” kimi qiymətləndirib. Görünür, bu səbəbdən MMC-ni adı dəyişdirilib.

Nasir Mustafazadə həm də Almaniyada 554 mənizlin sahibi kimi medianın diqqətinə gəlib. Həmin vaxt alman mətbuatı Almaniyanın Frankfurt şəhərində, Stendhal səmtində türk işadamı Muharrem Erdoğduya aid "RAKS AG” türk şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığını, bir müddət sonra 150 min avro elektrik borcu üzündən əmlaka əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yaymışdı. Sonradan jurnalist Cavanşir Həsənlinin araşdırmaları nəticəsində bəlli olub ki, "RAKS AG” şirkəti binanı Nasir Mustafazadədən alıb. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən mənzillər satılarkən 75 min avro elektrik borcu olub.

Satışla bağlı notarial sənədlərdən aydın olub ki, Nasir Mustafazadə binanın satılması ilə bağlı Frankfurtda fəaliyyət göstərən türk vəkil Nihad Çelikə satışla bağlı etibarnamə verib.

Binanın texniki pasportuna görə, Nasir Mustafazadə binanı 2010-cu il iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirib. Bundan bir il sonra Evren dünyasını dəyişib və Nasir Mustafazadə 554 mənzilin tək sahibi olub.

Hər halda, apardığımız bu kiçik araşdırma ortaya ilginc faktları çıxarıb.

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.