Gündəm

ADR höküməti istefa verməyə səslədi: Əks halda dövlətin nüfuzu…

Ölkənin korrupsiya reytinqınin sürətlə pisləşməsi ilə bağlı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı mövqeyini açıqlayıb.

 ADR açıqladığı mövqe sənədində yeni hökümət formalaşdırılmasının vacib olduğunu bəyan etməklə yanaşı hakimiyyətə çıxış yollarını təklif edib.

"Beynəxalq şəffaflıq” Təşkilatının bu günlərdə açıqladığı "2018-ci ildə dünyada korrupsiyanı qavrama indeksi”ndə Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutub və dünyanın ən çox korrupsiyalaşmış 28 ölkəsindən biri olub. Belə ki, Azərbaycan korrupsiya qavrama indeksində 100 mümkün baldan 25-ni toplaya bilib. Halbuki 2017-ci ildə 31 bal toplamışdı. Müqayisə üçün onu da qeyd edirik ki, son hesabata görə, korrupsiya indeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci yeri tutur, Rusiya və İran isə138-ci yeri bölüşdürürlər. Azərbaycan post-sovet məkanında korrusiyanın səviyyəsinə görə, Tacikstanla eyni mövqedədir, yalnız Türkmənistan və Özbəkistandan geri qalır.
Beynəlxalq Şəffaflıq təşkilatının yanvarın 29-da dərc etdiyi hesabatında Azərbaycanın korrrupsiya ilə bağlı mövqeyinin son il ərzində sürətlə pisləşməsi 2017-ci ildə "Azərbaycanın pulyuyan maşını” hesabatının dərci və onun ətrafında aparılan müzakirələr, eləcə də ölkədə müstəqil vətəndaş cəmiyyətinin və azad mətbuatın durumunun ağırlaşması ilə izah olunur.

Bir il ərzində Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı 8 pillə, Uqandanı isə 3 pillə qabaqlayıb. Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə 152-156-cı yerləri bölüşən Azərbaycanın əvvəlki mövqeyindən 30-34 pillə geriləməsi ciddi narahatlılıq doğurur. Çünki, korrupsiya reytinqində sürətli geriləmə Qarabağ probleminin həlli, milli təhlükəsizliyin təminatı, yoxsulluğun qarşısının alınması, həmçinin ölkənin gələcəyi və inkişafı üçün təhlükələr yaradır.

ADR Hərəkatı xəbərdarlıq edir ki, bütün bunlar həyata keçirilməzsə, ölkənin korrupsiya reytinqınin sürətlə pisləşməsi davam edərsə, bu, Azərbaycan iqtisadiyyatından sərmayələrin geri çəkilməsinə, xüsusilə də, qeyri-neft sektoruna xaricdən gələn sərmayələrin azalmasına, ölkəni ziyarət edəcək turistlərin sayının azalmasına, kredit reytinqinin, eləcə də Dünya Bankının idarəçilik, Açıq Büdcə, Təbii sərvətlərin idarəedilməsi, hətta Bizneslə məşğulluq və rəqabətlilik hesabatlarında Azərbaycanın mövqeyinin geriləməsinə, bütövlükdə Azərbaycan dövlətinin nüfuzun pisləşməsinə gətirib çıxaracaq.

ADR Hərəkatı yaranmış durumdan çıxış edərək, hesab edir ki, Azərbaycan hakimiyyətinin Nazirlər Kabinetini buraxması, sağlam, dürüst və islahatçı komanda ilə korrupsiya qarşı mübarizəyə başlaması vəziyyətdən çıxış yolu ola bilər. Həmçinin təcili olaraq "Gəlirlərin və əmlakın bəyannaməsinə dair qanun”un işlək mexanizminin tətbiqinə start verilməli, hazırda parlamentdə olan "Maraq münaqişələlərinin qarşısının alınmasına dair” Qanun və "Rəqabət Məcəlləsi” yaz sesiyasında qəbul edilməli, "Korrupsiya ilə bağlı məlumat verənlərin müdafiəsinin təşkili”nə dair hüquqi baza yaradılmalı, "Dövlət məmurlarının əxlaq kodeksi”nin tətbiqi üzərində nəzarət gücləndirilməli, ictimai vəsaitlərdən istifadə sahəsində şəffaflıq və hesabatlılıq artırılmalı, ən başlıcası da, ədliyyə sisteminin və məhkəmələrin müstəqilliyi təmin edilməlidir.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradə nümayiş etdirməli, hüquq-mühafizə orqanları dünya və yerli mətbuatda dərc olunan korrupsiya faktlarının araşdırmağa başlamalı, müxalif siyasi partiyaların, müstəqil vətəndaş cəmiyyəti institutlarının, azad mətbuatın sərbəst fəaliyyəti üçün mühit yaradılmalı, sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, siyasi məhbuslar təcili azadlığa buraxılmalıdır./AzToday.az