Gündəm / Siyasət

"Ermənistan status-kvonun saxlanması üçün "demokratiya" adı altında gizlənir"

Ermənistan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üçün "demokratiya" adı altında gizlənir.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin "Cəmiyyətlər üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun "The Jerusalem Post" nəşrində dərc edilən məqaləsində deyilir.

Müəllif qeyd edib ki, rüşvətxor və cinayətkar Serj Sarkisyan rejiminin devrilməsindən sonra elə ehtimal olunurdu ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş əldə olunacaq və tərəflər sülh barədə razılığa gələcək. Amma bu, belə olmadı:

"İşğal olunmuş Xankəndində olarkən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejim münaqişənin həllində birbaşa iştirak etməlidir, çünki Yerevan ancaq Ermənistanın adından danışa bilər. Paşinyan bununla bildirib ki, o, münaqişənin dinc yolla həlli üzrə danışıqları davam etdirməyəcək. Paşinyan öz "demokratik obrazı"na güvənir və bundan Qərbə təzyiq üçün istifadə etməyi nəzərdə tutur".

Politoloq vurğulayıb ki, rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, heç vaxt mövcud status-kvo ilə razı olmayacaq:

"Ermənistanın siyasi və hərbi rəhbərliyinin və Dağlıq Qarabağdakı marionet separatçı rejimin nümayəndələrinin sərsəm bəyanatları göstərir ki, onlar narahatdırlar, qorxu və təşviş içindədirlər. Azərbaycan ordusu isə cəbhə xəttində hadisələrin istənilən inkişafına hazırdır".

Məqalədə deyilir ki, Nikol Paşinyanın son bəyanatları və onun siyasi davranışı erməni separatçılarının blefidir, çünki onların məqsədi Azərbaycana qarşı təcavüz və işğala bəraət qazandırmaqdır:

"Aydındır ki, Ermənistanın indiki rəhbərliyi özünü "demokratiya" tərəfdarı kimi tanıtmaq istəyir və status-kvonun qorunması və daha da pisi, Dağlıq Qarabağda marionet separatçı rejimin tanınmasına nail olmaq üçün "demokratiya" adı altında gizlənir. Amma o zaman belə bir sual yaranır? "Demokratik dövlət işğalın tərəfdarı ola bilərmi?" Beynəlxalq hüquqa əsasən Bakı təkcə müdafiə olunmaq yox, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir".