Gündəm / Cəmiyyət / Sosial / Video

Vətənin OĞUL dediyi şəhidim - VİDEO

Vətənin OĞUL dediyi şəhidim - VİDEO

27.06.2023-cü il!
Daha bir şəhidimiz Əhmədov Bəhruz Səttar oğlunun doğum günüdür.
O Bəhruz Əhmədov ki, balaca bədənində Vətənin bütövlüyü uğrunda ölümə gedəcək qədər böyük ürək daşıyırdı...
O Bəhruz Əhmədov ki, üç mindən çox digər şəhidlərimiz kimi o da qısa ömründə bundan sonra minilliklər boyu yaşayacaq AZAD AZƏRBAYCANımızın tarixini sığdırdı, dünyaya Azərbaycan ordusunun, türkün gücünü göstərən igidlərdən biri oldu.

Onlar 30 il işğal altında qalan torpaqlarla bərabər, 30 ilin qisasını da düşməndən aldılar.

Vətənə borcunu yerinə yetirərkən şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımızı tanımaq və tanıtmaq da hər birinizin vətəndaş borcudur.

"DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı həftənin 4 günü özümüzün özümüz üçün seçdiyimiz məhz bu missiyanı yerinə yetirməkdə davam edir. Belə ki, hər gün 5 şəhid haqqında ətraflı məlumat verilir, şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin yanında olur, həmçinin şəhid ailələri, qazilər və ümumiyyətlə müharibə iştirakçılarını narahat edən problemləri ictimailəşdirir və aidiyyatı üzrə qurumlarla əlaqə saxlayaraq, onları narahat edən məsələləri diqqətə çatdırılır.

Yeri gəlmişkən, "DogruXeber.az" kollektivi olaraq iyunun 27-də yuxarıda adını qeyd etdiyimiz Bəhruz Əhmədovun evində - ailəsinin təşkil etdiyi doğum günü tədbirində iştirak etdi və elə tədbiri "Kanal14"ün efirindən canlı yayımladı.



Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olub. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil olub. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. O, Tovuz rayonu "N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanır. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdır. Bəhruz böyük arenalarda özünü sınadı və həmişə də qələbə ilə evə dönürdü.

Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından təxris olunub. Bundan sonra öz üzərində ciddi çalışmaqla bir sıra uğurlara imza atıb. O, müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və Birinciliyində iştirak edib, diplomlarla mükafatlandırılıb.

Vətənin OĞUL dediyi şəhidim - VİDEO

Tanınmış idmançı olan Bəhruz Əhmədov idmana həvəsi olan uşaqlara və gənclərə bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayıb. Bəhruz müəllimliklə yanaşı, öz üzərində ciddi çalışmaqda davam edib və 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”qara kəmər”ustası adına layiq görülüb. 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gedərək, könüllü ordu sıralarına yazılır.

Əhmədov Bəhruz oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərində ağır yaralanıb və şəhidlik məqamına yüksəlib. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonar ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

DogruXeber.az