Gündəm / Cəmiyyət / Sosial / Təhsil

"Ağası gülüm olanın, başına külüm olar"...


MUMtv.az: - Ürək ağrısı ilə qeyd edirik ki, ölkəmizdə demək olar ki, bütün sahələrdə çatışmazlıqlar, narazılıqlar var.
Ən acınacaqlısı isə təhsil sistemidir.

Belə bir el deyimi var, "gələn gedənə rəhmət oxutdurur". Təhsilimiz də taa Misir Mərdanovun təhsil naziri olduğu zamanlardan geriyə doğru "start" götürmüşdü. Misir Mərdanovdan sonra "təcrübə keçmək" üçün yerinə gələn "müvəqqəti" nazirlər də hərəsi "yenilik" adı altında təhsilə bir zərbə vurub getdi.
Hazırkı Elm və Təhsil Naziri Emin Əmrullayev isə təhsilimizi ümumiyyətlə "ağlamalı" vəziyyətə saldı.

Nə təhsilin hörməti qaldı, nə təhsil işçilərinin vətəndaşlara hörməti. Belə baxanda, nazirliyin özü də nəinki vətəndaşlara, heç mətbuata qarşı belə normal davranış qaydalarını bacarmırlar. Xüsusilə də nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov mətbuat nümayəndələrinin telefonuna gah ümumiyyətlə cavab vermir, gah da (bilmədən telefonu açanda) kobud cavab verir, yaxud da Cəsarət Valehovun barəsində yazan həmkarlarımız demişkən, sözün əsl mənasında yola verir. Mətbuat xidmətinin mətbuat nümayəndələri ilə normal əlaqəsinin olmaması sözügedən Nazirlik haqqında mətbuatda tənqidi materialların çoxalmasına səbəb olur.

Elə "DogruXeber.az" əməkdaşı olaraq, biz özümüz media haqqında qanunun tələblərinə riayət edib, Ağsu rayon sakininin redaksiyamıza göndərdiyi "orta məktəbdə qanunsuz kitab satışı" barəsindəki məlumatla bağlı cavabdeh qurum - Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənmək məqsədilə dəfələrlə mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova zəng etdik. Lakin, hər dəfəsində Cəsarət bəy telefonu məşğula aldı. O, ki, qaldı qurumun rəsmi internet səhifəsində qeyd edilən email ünvana, ona da cavab verilmir. Hətta, təqribən bir il əvvəl Cəsarət Valehov bizə o emailin işləmədiyini bildirmişdi.

Maraqlıdır, işləməyən email ünvanının buvaxta qədər rəsmi səhifədə nə işi?
İşləmir? İşləyən bir e-mailin adını qeyd etmək bu qədərmi çətin prosesdir?!

Bundan əlavə, 4 ali təhsil almış, 7-8 xarici ölkələrdə təlimlərdə iştirak etmiş əməkdar jurnalist Cəsarət Valehova mətbuat nümayəndəsi tərəfindən zəng edilib, hər hansı bir məsələ üçün mövqe öyrənmək istədikdə, Cəsarət Valehov israrla illa ki, rəsmi məktub şəklində müraciət edilməsini istəyir. Bəs bu əməkdar jurnalist - eyni zamanda İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət bəy mətbuatın məlumat almaq hüquqları barəsində məlumatsızdırmı, yoxsa özünün işləmədiyini dediyi elektron ünvanına rəsmi göndərilməsini istədiyi sualları niyə 2-3 kəlimə ilə normal - tam qaydalara uyğun və vəzifəsinin tələb etdiyi şəkildə aydınlıq gətirmir?

Bəlkə də müstəqil jurnalist Ələddin bəyin də vurğuladığı kimi, Cəsarət Valehovun bir müddət təhsil almaq adı altında ölkə xaricində fərqli insanların əhatəsində, fərqli işlərlə məşğul olması onda cəmiyyətə qarşı bu cür aqressiya və biganəlik formalaşdırıb.

Əslində, əksər dövlət qurumlarında Cəsarət Valehov kimi mətbuatın hüquqlarından bixəbər mətbuat xidmətləri kifayət qədərdir.

Amma, Emin Əmrullayevin bir neçə gün əvvəl mətbuat nümayəndəsinin sualları qarşısında sözün əsl mənasında aciz qaldığı görüntülərini izlədikdən sonra qurumun mətbuatla arasına çəkdiyi "keçilməz sədd"in səbəbini hər kəs anlamış oldu. Demək ki, cənab Əmrullayevin verəcək cavabı yox imiş. İndi bunun adı təcrübəsizlikdirmi, savadsızlıqdırmı deyə bilmərik. Amma, biganəlik və öz işinə məsuliyyətsizlik olduğu cavabı dəqiqdir.

Elə bu məsuliyyətsizliyin, ya da başqa hər hansı maraqların göstəricisidir ki, dəfələrlə barəsində korrupsiya şikayəti olan 161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tagiyeva və onun Təlim-tərbiyə İşləri üzrə müavini Əsmər Əliyeva hələ də öz işində davam edir. Eləcə də 211 nömrəli tam orta məktəbin sabiq direktoru Həcər Mahmudovanın o qədər qanunsuz əməllərinə rəğmən sadəcə yerini dəyişdi. Həmçinin heç bir imtahanda və müsabiqədə iştirak etmədən direktor, direktor müavini təyin edilənlərin, hər dəfə yüksək nəticə topladığı halda hələ də müxtəlif bəhanələr səbəb gətirilərək direktor ola bilməyən elmi işçilərin mövcudluğu da qurum rəhbərinin xidmət etmək yerinə, sanki vətəndaşlara qarşı qərəz apardığı təəssüratı yaradır.

Son illər dərs ili müddətinin uzadılması, dərs vəsaitlərinin və dərs saatlarının artırılması heç də vəd edildiyi kimi təhsilin keyfiyyətini artırmadı. Əksinə, repetitorların və məktəbdən yayınaraq, repetitor yanına gedən uşaqların sayının çoxalmasına səbəb oldu ki, bunun da hansı məqsədlərə xidmət etdiyi gözlər önündədir.

Bütün bu düşünülməmiş (ya da yalnız şəxsi maraqlar üçün düşünülmüş) yenilikləri tərəddüd etmədən Azərbaycan təhsilinin "bəla"sı adlandıra bilərik.

Təhsilimizin olduqca aşağı səviyyədə olmasıdır ki, bu gün "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz.".

Cənab Əmrullayevin təhsilin inkişafı barəsində nəsə düşünüb-düşünmədiyi artıq kimsəyə maraqlı deyil. İndi maraqlı olan ölkə başçısının sözügedən vacib sahədə - təhsildə bu qədər geriləmənin "kapitan"ı barəsində düşündükləridir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az