Gündəm / Siyasət / Dünya

50-yə yaxın ölkə Rusiya Federasiyasının Ombudsmanı Lvova-Belovanın BMT-dəki çıxışını pisləyib.

50-yə yaxın ölkə Rusiya Federasiyasının Ombudsmanı Lvova-Belovanın BMT-dəki çıxışını pisləyib.

Rusiya Federasiyasının Ombudsmanı Mariya Lvova-Belovanın BMT-dəki çıxışı qalmaqala çevrilib.

"Kanal14.az"ın DW-a istinadən məlumatına görə, ABŞ və Britaniya onu boykot edib və 50-yə yaxın ölkə Rusiyanın təşkilatdakı statusundan sui-istifadə etməsini pisləyib.

ABŞ, Böyük Britaniya, Albaniya və Malta nümayəndələri Rusiya Federasiyasının Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın çərşənbə günü, aprelin 5-də keçirilən BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında videobağlantı vasitəsilə çıxışını boykot ediblər. İclas aprel ayında rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya tərəfindən təşkil olunub və ukraynalı uşaqlara həsr olunub. Çıxışında Rusiya Federasiyasına qarşı "diskreditasiya kampaniyasını” pisləyən Lvova-Belovanın çıxışa dəvəti bir sıra ölkələr tərəfindən qəsdən təxribat kimi qiymətləndirilib.

Ukrayna hakimiyyəti Rusiyanı 2022-ci il fevralın 24-də ölkəyə genişmiqyaslı işğalın başlanmasından bəri 16 mindən çox uşağı qaçırmaqda ittiham edir. Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Mariya Lvova-Belova və Rusiya prezidenti Vladimir Putini Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya zorla deportasiyasında iştirak etməkdə ittiham edərək, onların həbsinə order verib.

Lvova-Belovanın BMT-dəki çıxışı Almaniya da daxil olmaqla 50-yə yaxın ölkə tərəfindən pislənilib. Birgə bəyanatda onlar Rusiyanı "minlərlə ukraynalı uşağın kütləvi oğurlanması və məcburi köçürülməsi ilə bağlı dezinformasiya yaymaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyət və imtiyazlarından sui-istifadə etməkdə” ittiham ediblər.

"Nə qədər yalan yayılsa da, həqiqəti gizlətmək mümkün deyil: Rusiya özünün də başladığı müharibə zamanı ukraynalı uşaqları qeyri-qanuni və zorla deportasiya etməyə davam edir”, - Almaniyanın BMT-dəki missiyası Twitter-də bildirib.

Kanal14.az
Ulduz Talıblı