Gündəm / Hadisə / Dünya

BƏT-dən zəlzələ zonalarında fövqəladə məşğulluq xəbərdarlığı

BƏT-dən zəlzələ zonalarında fövqəladə məşğulluq xəbərdarlığı

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində çoxlu sayda insanın işini itirdiyini bəyan edərək, məşğulluq üçün təcili tədbirlərin görülməsinə çağırıb.

"Kanal14.az” "DW”a istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı hesabatda Türkiyə və Suriyada yüz minlərlə insanın işini itirdiyi, təcili olaraq yeni iş imkanlarının yaradılmasının vacibliyi vurğulanıb . Hesabatda vurğulanıb ki, zəlzələ nəticəsində işini itirənlər üçün təcili olaraq yeni məşğulluq imkanları yaradılmasa , bu bölgələrdə yoxsulluq və uşaq əməyindən istifadə riskləri artacaq.

BƏT-in çərşənbə axşamı dərc etdiyi hesabata görə, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində ən azı 658 min işçi dolanışığını təmin edə bilmir, 150 mindən çox iş yeri isə yararsız hala düşüb. Təşkilatın hesablamalarına görə, bu, işçilər üçün ayda orta hesabla 230 dollar gəlir itkisi ilə nəticələnib. Ümumilikdə işçilərin xalis gəlirlərindəki azalmanın ayda təxminən 150 milyon dollar (139 milyon avro) təşkil etdiyi təxmin olunur.
12 ildir davam edən vətəndaş müharibəsi səbəbindən böyük iqtisadi və sosial problemlərin yaşandığı Suriyada zəlzələlər nəticəsində 170 min insan işini itirib. Bildirilib ki, bu əməkdaşlar öz qazancları ilə ailələrindən və yaxın ətraflarından olan 725 min nəfərə baxıblar.

Zəlzələlərə görə təxmini gəlir itkisini ayda 5,7 milyon avro olaraq hesablayan BƏT, fəlakətdən zərər çəkmiş bölgələrdəki şirkətləri tez bir zamanda işlə təmin etmək üçün dəstəkləmək istədiklərini qeyd etdi.

Qiymətləndirmələri hesabatda yer alan BƏT-in baş direktoru Gilbert F. Houngbo zəlzələ zonasında məşğulluğun təşviq edilməsinin vacibliyini vurğulayaraq, "İnsanlar ancaq öz dolanışıqlarını bərpa etdikdə həyatlarını yenidən qurmağa başlaya bilərlər. Bunu təmin etmək sosial ədalət və layiqli əmək prinsipləri bərpa və yenidənqurma prosesində möhkəm şəkildə yer alıb: "Biz bunu zəlzələdə çox itki verənlərə borcluyuq”.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin 11 vilayətində və Suriyanın şimal-qərbində böyük dağıntılara səbəb olan zəlzələlərdə təxminən 57 min insan həyatını itirib, milyonlarla insan evsiz qalıb.

Kanal14.az
Samirə Əsgərova