Gündəm / Cəmiyyət / Dünya

Taliban "super idman avtomobili" istehsal etdi - Göründüyü kimi deyil!

Taliban

Əhalinin yarıdan çoxunun köməyə ehtiyacı olduğu Əfqanıstanda Taliban administrasiyası ilk yerli avtomobilin istehsal olunduğunu açıqlayıb. Super idman görünüşlü avtomobilin əslində standart sedan mühərrikinə və infrastrukturuna sahib olduğu iddia edilir.

"Kanal14.az" ""Ntv.com.tr"a istinadən xəbər verir ki, Taliban Əfqanıstanın ilk yerli avtomobilini istehsal etdiklərini açıqlayıb.

Sözügedən idman avtomobilinə "Mada-9" adı verilib. Bir ildən artıqdır ki, ölkəyə nəzarəti ələ keçirən Taliban hərəkatının yüksək səviyyəli rəhbərləri avtomobilin istehsalının şərəf olduğunu bildiriblər.

Edilən şərhə görə, "Əfqanıstan Texniki və Peşə İnstitutu” tərəfindən layihələndirilən avtomobilin hazırlanmasında 30 mühəndis çalışıb.

Ancaq, super idman görünüşlü avtomobilin mühərriki və bir çox hissələrinin Toyota Corolla'ya aid olduğu iddia edilib.

Taliban rəsmiləri isə edilən dəyişikliklər sayəsində avtomobilin standart sedandan çox daha sürətli olduğunu deyirlər.

Gələcəkdə avtomobilə elektrik güc aqreqatı əlavə ediləcəyi də bildirilir.

Uzun illər müharibənin davam etdiyi ölkədə Taliban hakimiyyəti ələ keçirdikdən sonra Qərb ölkələri yardımı kəsib. Ona görə də indiki iqtisadi böhran daha da dərinləşib.

Bank sisteminin ciddi şəkildə zədələndiyi ölkədə son vaxtlar minlərlə iş yeri bağlanmalı olub. İşsizlik, yoxsulluq və aclıq qorxunc həddə çatıb.

BMT-nin son hesabatlarına görə, ölkə əhalisinin yarıdan çoxunun yardıma ehtiyacı var. Eynilə, qidalanma, qızılca və poliomielit kimi bir çox xəstəlik artarkən, səhiyyə müəssisələri imkansızlıqlarla mübarizə aparır.

Kanal14.az
Kamal Əsgərov