Kanal14.az: - Əfqanıstan hərbçiləri "Taliban” hərəkatının "kölgə qubernatoru” Abid Mavlavini məhv etdiklərini elan ediblər.

Hadisə ölkənin cənub-qərbində Nimroz əyalətində baş verib. 

Əfqanıstan ordusunun 215-ci korpusunun öz tviter hesabında yaydığı bəyanata əsasən, ölkənin HHQ-nin Nimroz və Gilmənd əyalətlərində həyata keçirdikləri hava hücumları zamanı son sutkada Abid Mavlavi də daxil olmaqla 276 terrorist məhv edilib. 

Bununla belə, "Taliban” hərəkatının nümayəndəsi Kari Yusif Əhmədi Abid Mavlaninin zərərsizləşdirilməsi barədə məlumatları təkzib edib. 

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə "Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə "Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.

"Taliban” artıq ölkənin bir neçə bölgəsinə nəzarəti ələ keçirib.