Gündəm / Siyasət / Cəmiyyət

Azərbaycan əsgərinə icazə verilməyən rus “soldat”ına “mojna”dır? - Görünəni budur...

Azərbaycan əsgərinə icazə verilməyən rus

Kanal14.az: - 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Azərbaycan vətəndaşlarının gözü qarşısında erməni vandalizminin dəhşətli mənzərəsi yaranıb. Beynəlxalq KİV nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri nəticəsində Qafqaz Albaniyasında mədəni-tarixi abidələrin dağıdılması, müsəlman ziyarətgahlarının təhqir olunması, xristian kilsələrinin erməniləşdirilməsi cəhdləri ilə bağlı çoxsaylı faktlar dünya ictimaiyyətinə məlum olub.

Bütün dünya erməni qəsbkarları tərəfindən törədilmiş mədəni-tarixi abidələrin kütləvi şəkildə dağıdılmasının, vandalizm və barbarlığın şahidi olmasına baxmayaraq, UNESCO işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin bugünkü vəziyyəti ilə tanış olmaq üçün missiya göndərməyə tələsmir.

Buna baxmayaraq, beynəlxalq hesabatlarda erməni vandalizmi faktları öz əksini tapır. Xüsusilə, ABŞ Dövlət Departamentinin 2021-ci il Qlobal Dini Etiqad Azadlığı Hesabatında Ermənistanın erməni separatçıları tərəfindən ələ keçirilən və sonra Azərbaycanın nəzarətinə qaytarılan ərazilərdə baş verənlərlə bağlı məsuliyyət daşıdığı vurğulanır.

"Əhəmiyyətli dini ocaqların təhqir olunmasına misal olaraq dağıdılmış Füzuli rayonundakı 19-cu əsrə aid Hacı Ələkbər məscidi və divarlarında ermənicə yazılmış yazılar vasitəsilə dağıdılmış Ağdamdakı Cümə məscidini göstərmək olar. Bundan əlavə, struktur güllələrlə deşik-deşik edilib. Ağdamın hər yerində qəbiristanlıqlar, o cümlədən XVIII əsrə aid "İmarəti Qərvənd”in müqəddəs və tarixi məzarları, şəhərin Şəhidlər Xiyabanı da murdarlanıb, talan edilib və ya dağıdılıb”, - deyə sənəddə vurğulanır.

Erməni vandalizminin çoxsaylı sübutlarına baxmayaraq, günahkar tərəf bu dəhşətli cinayətləri tanımaqdan imtina edir və hətta Azərbaycanı xristian irsini "məhv etməkdə” ittiham etməyə cürət edir. Ermənistan öz "ittihamlarına” önəm vermək və beynəlxalq ictimaiyyətin diqqətini işğal zamanı Azərbaycan torpaqlarında baş verən real mənzərədən yayındırmaq üçün öz lobbiçilərini Azərbaycana qarşı aktiv mübarizəyə cəlb edib.

Belə ki, 44 günlük müharibə başa çatdıqdan sonra Rusiyanın bir çox ictimai və mədəniyyət xadimləri, iş adamları, elm adamları və jurnalistləri açıq məktubla müraciət edərək UNESCO-nu Qarabağın xristian irsi abidələrini onların Azərbaycan tərəfindən "təhlükə altında olduqları və məhv, dağıdılma və vandalizmə məruz qala biləcəyinə görə” Ümumdünya İrs Siyahısına daxil etməyə çağırıblar.

İmza atanlar arasında musiqiçi Boris Qrebenşikov, dirijor və skripkaçı Vladimir Spivakov, dirijor Teodor Kurrentzis, rejissorlar Aleksandr Sokurov, kiçik Aleksey German və Sarik Andreasyan, aktrisalar Yuliya Auq və Svetlana Nemolyayeva, teleaparıcı və şoumen Qarik Martirosyan, "Comedy Club”ın yaradıcılarından biri Artaşes Sarkisyan, "MegaFon”un baş direktoru Gevork Vermişyan da var idi.

Bundan başqa, Rusiya ziyalılarının nümayəndələri Qarabağın xristian irsini "xilas etmək” üçün Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət ediblər. Müraciət edənlər arasında UNESCO-nun eksperti Aleksey Lidovun, Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Konstantin Mixaylovun, Rusiya Prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının üzvü Artem Demidovun, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin direktor müavini Yekaterina Koçetkovanın, "Rusiya Qlobal Məsələlərdə” jurnalının baş redaktoru Fyodor Lukyanovun və başqalarının imzaları var idi.

Rus ziyalılarının bu nümayəndələri kifayət qədər açıq şəkildə müsəlman abidələrinin dağıdılması və talan edilməsi ilə bağlı çoxsaylı faktlara göz yumaraq, Azərbaycanı xristian irsini məhv etməkdə ittiham edirdilər. Beləliklə, Qarabağda "əsrlər boyu ermənilərin mövcudluğunun” təkzibolunmaz sübutu kimi istifadə etmək üçün mədəni, tarixi və elmi dəlilləri məhv etməyə və ya saxtalaşdırmağa çalışan erməni saxtakarlarının tərəfini tuturdular.

Bundan əlavə, onlar Azərbaycan ordusunu xristian kilsələrini dağıtmaqda və xaçkarları təhqir etməkdə də ittiham edirdilər.

Müharibədə hər şey ola bilər. Ona görə də onun adı müharibədir. Və Azərbaycan əsgərlərinin gözü qarşısında canlanan erməni vandalizminin mənzərəsini nəzərə alsaq, haradasa, onların bəzilərinin əsəblərinin dözməməsini başa düşmək də olar.

Amma eyni zamanda, nədənsə, Rusiya ziyalılarının nümayəndələri Ukraynanın Mariupol şəhərində 2021-ci ilin sentyabrında açılmış xaçkarın təhqir olunmasına susurlar. Ermənistan mətbuatının yazdığına görə, döyüş əməliyyatları zamanı möcüzəvi şəkildə sağ qalan xaçkar bu yaxınlarda rus əsgərləri tərəfindən darmadağın edilib.

Azərbaycanı ittiham edənlərin sərt qəzəbli səsi isə, nədənsə, qətiyyən eşidilmir. Yəni Azərbaycan əsgərinə icazə verilməyən rus "soldat”ına "mojna”dır?

Müəllif: Asif Aydınlı //AYNA//