Gündəm / Siyasət

Avropadakı erməni diasporunun antisülh planı İŞƏ DÜŞDÜ

Avropadakı erməni diasporunun antisülh planı İŞƏ DÜŞDÜ

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təxribat planlarında Avropadakı erməni diasporunun rolu danılmazdır.

"Kanal14.az" "Yeni Müsavat”a istinadən bildirir ki, son 30 ildə onlar bütün istiqamətlər üzrə güclərini Azərbaycana qarşı səfərbər ediblər. Azərbaycanın Qarabağdakı qələbəsindən sonra sülh müqaviləsinin imzalanmasının yubanmasında da onların müəyyən rolu var.

Daha doğrusu, sülhün baş tutmamasında maraqlı olan güclər bu kartdan da maksimum yararlanmağa çalışırlar. Demək olmaz ki, Ermənistanda hər kəs sülh müqaviləsinin olmasını istəyir və barış əhvalındadır. Ancaq gedən proseslər onu göstərir ki, Ermənistanda müəyyən kəsim Azərbaycanla hesablaşmaqdan başqa yol qalmadığının fərqindədir və bu cür düşünənlərin də sayı artmaqdadır.

Belə iddialar da var ki, Paşinyan hökuməti kommunikasiyaların açılmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da, revanşist dairələr bunu əngəlləmək üçün hər vasitəyə əl atırlar. Təbii, məsələnin götünməyən tərəfləri də var və dəqiq söyləmək olmaz ki, Ermənistanda sülh, yoxsa antisülh tərəfdarları çoxluq təşkil edir, yaxud da hökumətin mövqeyi konkretdir. Ancaq ortada maraqlı bir detal var: Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan Paşinyana qarşı proses başladıb. O deyib ki, Fransadakı üç fəal erməninin - özünün, Syune Abramyanın və Masis Abramyanın Ermənistana girişi qadağan olunub. Papazyan baş nazir Nikol Paşinyanı Ermənistanı avtoritar dövlətə çevirməkdə ittiham edib. "Demokratiya pozulur, fərdi azadlıqlar məhdudlaşdırılır. Nikol Paşinyan terror mühiti yaradır. Bunu qəbul etmirik və etməyəcəyik. Ermənistanı bu rejimdən azad etmək üçün mübarizə aparacağıq və uğur qazanacağıq”.

Görünən budur ki, Fransadakı ermənilər qismən liberal mövqe tutan Ermənistan hökumətini bu yoldan çəkindirmək üçün onları terrorçu elan etməyə də hazırdırlar. Bir tərəfdən bu yaxşıdır, çünki iki erməni dalaşırsa, buna sevinmək lazımdır. Ancaq digər tərəfdən bu dava sülh prosesini pozmağa yönəlibsə, burada uzaq və əsas hədəf regionda sülhə maneə törətmək cəhdidir. Erməni diasporu niyə radikal mövqedədir? Onlar sülhdən sonra avara qalacaqlarını bilərək özlərinin nüfuz davasını aparır, yoxsa hansısa böyük güclərin sifarişlərini yerinə yetirirlər? Ekspertlərimiz bunun pərdəarxası məqamlarını necə izah edir?

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra nüfuzdan düşən erməni diasporu revanşist mövqe sərgiləyir və bu zərərli ideyanı dünya erməniləri arasında yaymağa çalışır. Baş nazir Nikol Paşinyan iqtidarını məğlubiyyətdə ittiham edən erməni diaspor təşkilatları niyə sülhə qarşı çıxır? Bu sual özlüyündə bir çox məqamları birləşdirir... Dia.az-ın məlumatına görə, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Yeni Müsavat”a bildirdi ki, erməni diasporunun şəxsi ambisiyaları var: "Onların Azərbaycana və Türkiyəyə düşmənçilik siyasəti öz maraqlarına xidmət edib, heç də Ermənistan dövlətinə fayda verməyib. Bu gün də onların fəallaşması, nifrət siyasəti, prosesləri alovlandırmaq istəyi göz qabağındadır. Əgər Ankara və Bakı ilə əlaqələr normallaşsa, erməni diasporu sabun köpüyünə çevriləcək, onların varlığı əhəmiyyətsizləşəcək. Misal üçün, Türkiyədən Ermənistana hava yolu açılanda buna qarşı çıxırdılar. Erməni diaspor təşkilatlarının aktivləşməsi Azərbaycanın regionda yaratdığı reallığı görməkdən irəli gəlir. O baxımdan sülh sənədinin imzalanmasına maneçilik törətməyə çalışırlar. Əgər sülh sənədi imzalansa, Türkiyə ilə Ermənistanın münasibətləri normallaşacaq, bu halda dünyadakı erməni diasporu tarixin arxivinə qovuşacaq, necə ki, Minski Qrupu bu taleyi yaşadı”. X.Bəşirovun dediyinə görə, erməni diasporu bundan narahatdır, odu söndürülmüş keçmiş münaqişənin közü ilə oynamağa davam edir: "Erməni diasporu bu məqsədlə xunta rejiminə maliyyə dəstəyi verir, ”status" mövzusunu və Minsk Qrupunu gündəmə gətirirlər. Bu məsələlərin də həllinə şahid olacağıq. Qarabağdakı terrorçu rejimi məhv edəcəyik və erməni diasporunun da beli qırılacaq. Ona görə revanşistlərlə diasporun mövqeyi üst-üstə düşür və Paşinyan hakimiyyəti əleyhinə iş aparırlar".