Gündəm / Siyasət

 “Sürünən müharibə”, YOXSA SÜLH... - Paşinyana inanmaq olarmı?


Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu deyib. "Yeni Müsavat” yada salır ki, bu haqda o, hökumətin iclasında bildirib. Paşinyan hesab edir ki, sülh və sabitliyin alternativi yoxdur. Onun sözlərinə görə, Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır.

Lakin Paşinyanın təzəcə XİN rəhbəri təyin elədiyi Armen Qriqoryan iki gün öncə bəyan etdi ki, "Dağlıq Qarabağ konflikti Minsk Qrupu çərçivəsində, öz müqəddəratını təyinetmə əsasında çözülməyincə bölgədə sabitlik olmayacaq”. Yəni İrəvan hələ də Minsk Qrupunun vasitəsilə "itirdiklərini” qaytarmaq ümidi ilə yaşayır, vaxt uzatmağa çalışır. Kəsəsi, Paşinyanın dediyi sülh aşağı-yuxarı bizim dediyimiz sülhə oxşamır. Əks halda, o, Prezident İlham Əliyevin sülh sazişi təkliflərinə "Ermənistan da Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır” şəklində cavab verərdi. Əksinə, o, hələ də "status” deyib durur.

Prezident İrəvanın bütün bu oyunbazlığı və cığallığı ilə bağlı AzTV-yə müsahibəsində konkret cavablar verdi: "Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun”.

Ölkə başçısı onu da bildirib ki, bu məsələ ilə bağlı bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir: "Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir... Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

Göründüyü kimi, İrəvanın sülh "menyusu” tamamilə fərqlidir. Bəs yaranmış durumda İrəvanı sülhə necə məcbur eləməli? Paşinyan sülh istəyirsə, danışıqlara hazır olduğunu açıqlayırsa, o zaman ərazi iddialarından əl çəkməlidir, "Dağlıq Qarabağın statusu”nu gündəmdə saxlamaqla, ona dəstək verən bəzi Qərb ölkələrinin bu məsələləri tez-tez dilə gətirməsi ilə regionda stabilliyə nail ola, Ermənistanı uçurumdan xilas edə bilməz. Əgər o, praqmatik düşünürsə, sülhün alternativi olmadığını bilirsə, Türkiyə ilə sərhədlərin açılmasını, iqtisadi cəhətdən nəfəslik arzulayırsa, "Dağlıq Qarabağın müqəddəratı”nı unutmalı, ərazi bütvölüyümüzü tanımalı, sülh müqaviləsi bağlamalıdır. Lakin Paşinyanın daban-dabana zidd açıqlamaları, qarışıq fikirləri göstərir ki, onun sülh müqaviləsi formatında "Dağlıq Qarabağın statusu” var. Bizim üçün bu yoxdur!

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin "Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyanın dediklərində hər zaman ziddiyyət olur. Onun fikrincə, bu, Ermənistanın daxilində və Rusiyadan gələn təzyiqlərdən qaynaqlanır. R.Nurullayev hesab edir ki, Paşinyan məhz bu situasiyaya uyğun olaraq fikirlərini təzadlı şəkildə açıqlayır.

Deputat qeyd etdi ki, bununla belə, sevindirici nüanslar var: "Bu da Prezidentin müsahibəsində söylədiyi məqamlardır. Ölkə başçısı əvvəlcə vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi bitib və belə bir konflikt yoxdur, ikincisi, dedi ki, bu məsələdə Rusiyanın mövqeyi Azərbaycanla eynidir. Bu, çox yaxşıdır. Görünür ki, Rusiya prezidenti özü də Paşinyanın nəzərinə bu məsələləri çatdırıb. Yəni deyib ki, Azərbaycanın ərazi bütövlüyü Rusiya və dünya tərəfindən tanınır, ona görə qarıdakı mərhələdə sülh müqaviləsi bağlanmalıdır. Nəzərə alsaq ki, Ermənistanın Rusiyadan ciddi asılılığı var, o halda sülh müqaviləsinin reallaşması mümkündür”.

Deputatın sözlərinə görə, Paşinyan hökuməti formalaşdırandan sonra ondan bu istiqamətdə tələblər artacaq ki, sülh müqaviləsi imzala: "Zəngəzur dəhlizinin və Naxçıvan yolunun açılması reallaşmalıdır. Ermənistan çırpınır, amma əsas məsələ budur ki, Rusiya ilə mövqeyimiz uzlaşır. Bundan əlavə, Avropa İttifaqı Ermənistana maliyyə yardımı nəzərdə tutur. O halda Qərbin Ermənistandan gözləntiləri artacaq. Bu da Rusiyanın maraqlarına ziddir. Əgər Azərbaycan bu kartdan istifadə etsə, istəyimiz nail ola bilərik. Ümumiyyətlə, zaman-zaman istədiyimizə müvəffəq olacağıq. Hazırda Azərbaycan Ermənistanla sərhədlərini möhkəmləndirir. Sərhədlərin delimitasiyasından sonra sülh müqaviləsi imzalansa, ərazilərimizdə qalan separatçı qüvvələr ya qaçıb getməli olacaqlar, ya da bayrağımıza sığınacaqlar”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan başqa hoqqa çıxarmasa, hökumətini formalaşdırdıqdan sonra dediyini etməlidir: "Əks halda bölgədə vəziyyət sabitləşməyəcək və Azərbaycan Ermənistanı psixoloji və hərbi təzyiq altında saxlamaqda davam edəcək. AzTV-yə müsahibəsində Prezident İlham Əliyev də Azərbaycanın müəyyən qədər Ermənistanın siyasi gündəminə təsir etdiyini bildirib. Zəngəzur dəhlizi mövzusunun gündəmdə qalması bunun tərkib hissəsidir”.

Siyasi şərhçi Asif Nərimanlı Prezidentin müsahibəsini təhlil edərək bildirir ki, Əliyev Qərbin "status” üzərindən Rusiyanın vasitəçiliyinə risklər yaratdığı tezisini Putinlə müzakirə edib və Moskva danışıqlarında münaqişənin bitdiyi mövqeyini yenidən gücləndirib: "Bakıya qayıdan kimi ABŞ və Fransaya açıq mətnlə münaqişənin həllində əsas vasitəçi olan digər həmsədr ölkənin - Rusiyanın da eyni mövqeyi paylaşdığı mesajını verir. İkincisi, Moskvada Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyası və yeni sərhəd müqaviləsinin imzalanması haqda razılaşma əldə olunub”.

Ekspertin fikrincə, mümkündür ki, Moskva danışıqlarında Əliyevlə Putinin sülhməramlıların fəaliyyəti və ermənilərin sayı haqda açıqlanan rəqəmlə bağlı fikir ayrılığı olub: "Və Əliyev Bakıdan Putinə mesajlarını ötürür: birincisi, Qarabağa ondan daha yaxındır və bölgədə nə baş verdiyini bilmək imkanları genişdir; ikincisi, rus sülhməramlılarının fəaliyyəti Bakını qane etmir; üçüncüsü, Rusiyanın siyasi və hərbi bürokratiyası Putinə bölgədəki vəziyyətlə bağlı real məlumatlar vermir. Rus sülhməramlı kontingentinin rəhbərliyinin ermənilərin sayını şişirtməklə maxinasiyalara yol verdiyi istisna deyil. Misal üçün, 50 min adama gündəlik verilən qidanın, yaxud bu yaxınlarda Qarabağa göndərilən 100 min vaksinin ”yeyilməsi" ehtimalları var. Prezidentin "bəzi hallarda maşınlara erməni nömrələri yapışdırılır” sözləri Laçın dəhlizindən erməni nömrələri ilə keçərək, Xankəndinə yük daşıyan İrana ünvanlanıb və Bakı Tehrana da "hər şeydən xəbərdaram” mesajını verir".
"Yeni Müsavat”