Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Kanal14.az"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, "Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.