Gündəm / Siyasət

BMT-yə azərbaycanlı baş katib seçilə bilərmi?

BMT-yə azərbaycanlı baş katib seçilə bilərmi?
Xəbər verdiyimiz kimi, BMT-yə baş katib seçkiləri bu ay baş tutacaq. Hazırkı Baş katib Antonio Quterreş də yenidən namizədliyini irəli sürüb. Maraqlıdır, azərbaycanlı kadr BMT baş katibliyinə namizədliyini verə və seçilə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Azərbaycan gənc ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatlara sədrlik təcrübəsi var.

O bildirib ki, BMT-yə baş katib seçkiləri prosesi fərqlidir:

"Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına bu gün sədrlik edir. Bundan əlavə, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi təşkilatlara da həm ev sahibliyi, həm də sədrlik edib. Yəni ölkəmizin beynəlxalq təşkilatlara sədrlik təcrübəsi kifayət qədər var. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, gələcəkdə BMT-də azərbaycanlı baş katib görə bilərik. Mən ona görə gələcəkdə deyirəm ki, hazırda belə bir şeyin olması mümkün deyil.

Məsələ ondadır ki, BMT-yə baş katib seçiləcək şəxslə bağlı konkret ölkə təqdimat verə bilməz. Təşkilata sədr seçiləcək şəxslə bağlı yenə təşkilat daxilindən təqdimat verilir və şəxsin BMT-dəki fəaliyyəti əsas götürülür.

Digər tərəfdən, BMT-yə baş katib seçiləcək şəxsi digər ölkələr də dəstəkləməlidir. Bildiyim qədər, hazırda Azərbaycanın BMT-də fəaliyyət göstərən, baş katib seçiləcək qədər tanınan nümayəndəsi yoxdur. Bu mənada gələcəkdə BMT-də azərbaycanlını baş katib görmək istəyiriksə, bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq”.