Gündəm / Siyasət

Gündəm olan deputatlarla bağlı açıqlama: - “Qalmaqala səbəb olsa, bizə məlumat göndəriləcək...”

Gündəm olan deputatlarla bağlı açıqlama:
Son günlər bəzi millət vəkilləri xalqın problemini işıqlandırmaq üçün atdıqları addımlarla yox, qalmaqalla gündəm olur. Söhbət Etibar Əliyevlə Mahir Abbaszadədən gedir. Belə ki, may ayının 18-də Milli Məclisin İntizam Komissiyasının üzvü olan bu deputatlardan birinin feysbuk postlarına reaksiya verməyənləri vicdansız adlandırması, digərini isə işğaldan azad olunmuş Laçında şəhid adını daşıyan bulaqda araq soyutması tənqid hədəfinə çevirdi.

Onların xoşagəlməz hərəkətləri ilə bağlı İntizam Komissiyasının hansısa tədbirlər görüb-görmədiyini müəyyənləşdirmək üçün qurumun sədri Eldar İbrahimovla əlaqə saxladıq. Komissiya sədrinin Yeni Sabah-ın suallarana cavabını təqdim edirik:



-Eldar müəllim, salam, açıqlama almaq istəyirəm, vaxtınız varmı?

-Nə açıqlama?

-Məsələ İntizam Komissiyasi ilə bağlıdır. Bildiyiniz kimi, bir neçə gün əvvəl deputat Etibar Əliyevlə Mahir Abbaszadə insanlar tərəfindən sərt tənqid olundu.

-Etibar Əliyevin danışığının İntizam Komissiyasına heç bir aidiyyəti yoxdur.

-Bəs Mahir Abbaszadənin Laçında şəhid adını daşıyan bulaqda araq soyutması, məclis təşkil etməsi barədə nə deyə bilərsiniz?

-Kim yeyib-içib?

-Mahir Abbaszadə.

-Mən belə bir şey bilmirəm. Bunu sən deyirsən, mən sənin dediyinə inanım?

-Əgər istəyirsinizsə, internet resurslarında axtarış edib məlumatla tanış ola bilərsiniz. Çünki bu hadisə böyük qalmaqala səbəb oldu.

-Qalmaqala səbəb olsa, bizə məlumat göndəriləcək, müraciət olunacaq və məsələyə baxılacaq.

-Biz elə onu bilmək istəyirdik ki, bu məsələlərlə bağlı İntizam Komissiyasına müraciət edilibmi?!

-Mən, "Heç nə bilmirəm”,-deyirəm. Mənə məlumat daxil olmayınca o barədə heç nə deyə bilmərəm.

-Bəs komissiya öz təşəbbüsü ilə bu məsələ ilə bağlı hər hansısa araşdırma aparacaq?

-Mən bunu sizdən eşidirəm, heç nədən xəbərim yoxdur, əgər məlumat daxil olsa, əlbəttə, araşdıracağıq.

-Eldar müəllim, onu demək istəyirəm ki, mətbuatda hazırda kifayət qədər məlumat var.

-Mətbuatda var, harada var, mən bilmirəm. İntizam Komissiyasına müraciət daxil olarsa, araşdırılacaq...