Gündəm / Sosial

Aslan İsmayılovdan Səlim Müslümovun “sağ əli”nin həbsinə reaksiya: - "Əgər bunlardan canımızı qurtarmasaq..."

Aslan İsmayılovdan Səlim Müslümovun
Bir neçə gün öncə rüşvətə görə həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, şair Əjdər Ol haqqında bu dəfə tanınmış vəkil Aslan İsmayılov fikir bildirib.

KONKRET.az xəbər verir ki, vəkil yaşadığı dövrün şairinin rüşvət və yeyintiyə görə həbs edilməsindən məyusluğunu ifadə edib: "Şair Əjdər Ol rüşvət, yeyinti ittihamı ilə həbs edilib. Ömrü boyu oxuduqlarımdan, özü də tək bu gün dəbdə olan xarici mütəfəkkirlərdən yox, ilk növbədə öz şair və yazıçılarımızdan mənəvi qida almışam. Nizami Gəncəvi, Füzuli, Sədi Şirazi, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Vidadi Babanlı və bir çox şair, yazıçıların yaradıcılığı dünyagörüşümü formalaşdırıb. Onların hər birinə müqəddəslər kimi baxmışam. İndi isə bəlli olur ki, yaşadığım dövrün şairi, bir çox məclislərin başında oturan şəxs, şəhid ailələrinin, əlillərin, ahılların, yoxsulların pullarını yeyib. Məclisləri bəzəməsi, tanınmış olması da bir çox hallarda həmin məclis sahiblərinin sadaladığım şəxlərin oğurladıqlarından faydalanması ilə əlaqədar olub. Əminəm ki, elə həmin şəxslərin çoxu bu gün Əjdər Olun müdafiəsinə qalxacaq, onluq bir şey yoxdur deyəcəklər”.

Aslan İsmayılovun sözlərinə görə, Əjdər Olun bəlkə də heç Səlim Müslümovun bütün maxinasiyalarından, yeyintilərindən xəbəri olmayıb: "Ancaq az bir hissəsini bilib, lakin buna baxmayaraq onun yanında olmağın özü belə şairlik, yazıçılıq və ziyalılıqla bir araya sığmır. Əgər Sovet dövrü Andrey Suslovlar zorla ziyalılarımızı çirkaba bulaşmağa məcbur edirdilər, onlara başqa yol qoymurdularsa, bu gün çoxları öz qaşıqları ilə həmin çirkab dolu ləyənə yaxın durmağa can atırlar. Sonra da həmin ləyəndən qazandıqları pullarla kitablar çap etdirir, özlərinə yal itləri vasitəsilə təriflər təşkil etdirir, sevmədiklərini gizlincə söydürür və yetim-yesirin pullarını oğurlayan acgöz məmurları təriflədərək, xalqın gözünə xeyirxah, əliaçıq məmur kimi soxurlar. Uzun illər təkrarladıqlarımı bir daha deyirəm. Bizim əsas problemimiz ölkədən oğurlanan milyardlar yox, aşınmış mənəviyyatımız, oğru ziyalılarımız, reket jurnalistikamızdır. Əgər bunlardan canımızı qurtarmasaq heç bir milyardlar bizi xilas etməyəcək, xoş gələcəyə aparmayacaq”.