Gündəm

SEÇKİ SAXTAKARLIĞI, YOXSA SABOTAJ...

SEÇKİ SAXTAKARLIĞI, YOXSA SABOTAJ...

Taliyət Əliyev: "Bu seçki kampaniyasını sanki hakimiyyətin içərisində sobataj edən qüvvələr var”

"Ölkə başçısına, məsul olan orqanlara çağırış edirik ki, bu seçki kampaniyasını sobataj edən qüvvələri durdursunlar”

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədliyini irəli sürən şəxslər seçki qanunvericiliyinə uyğun olaraq ilkin prosedur qaydalarını keçirlər. Lakin çox təəssüf ki, prosesdə iştirak edən şəxslər bir çox manelərlə üzləşdiyini qeyd edirlər.

Картинки по запросу Taliyət Əliyev

Bu barədə "Hürriyyət”lə fikirlərini bölüşən Azərbaycan Demokrat Partiyasının Seçki Qərargahının rəhbəri Taliyət Əliyevin dedikləri də bunu təsdiq edir: "Bildiyiniz kimi, biz partiya olaraq qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qoşulmuşuq və müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına vermişik. Mərkəzi Seçki Komissiyasına təqdim edilən sənədlər qeydiyyatdan keçdikdən sonra hər bir namizəd namizədliyi irəli sürüldüyü dairəyə sənədləri təqdim edir və bu sənədlərin təqdim olunma mərhələsində biz bu gün bir çox problemlərlə üzləşirik. Əksər dairə seçki komissiyaları namizədlərdən əsassız sənədlər tələb edirlər, bürokratik əngəllər, süründürməçilik halları baş alıb gedir. İstisna hal kimi, bəzi dairələrdə bu problem yaşanmır, amma əksər dairələrdə biz bu problemlərlə üzləşirik. Halbuki, sənədlər Azərbaycan Respublikasının qüvvədə olan Secki Məcəlləsinə və Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmuş qaydaya uyğun bütün sənədlər hazırlanır və müvafiq dairə seçki komissiyasına təqdim edilir. Dairə seçki komissiyaları isə hər bir namizəddən təlimatda və qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb edirlər, biri deyir, get, diplomun surətini gətir, bir deyir, şəxsiyyət vəsiqəni gətir, bir deyir, birinci bank hesabı açmalısan. Hansı ki, bank hesabı sənədlər qəbul edildikdən sonra, 5 gün müddətində və imza toplama kampaniyasına 24 saat qalmışa qədər açılmalıdır. Yəni bizdən bu cür yersiz sənədlər tələb olunur və süründürməçilik, bürokratik əngəllər baş alıb gedir. Bu, dairə seçki komissiyalarında baş verən hadisələrdir”.

"Qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb edirlər”

T.Əliyevin sözlərinə görə, onlar üçün ən ciddi problemlər "Beynəlxlaq Bank”ın filallarında yaradılır: "Qanunvericiliyə uyğun olaraq partiya 60 dairədən namizədliyini irəli sürərsə və bu təqsdiq olunarsa, onda partiya kimi biz vahid seçki fondu yaratmalıyıq və partiyanın xüsusi seçki hesabı açılmalıdır. Amma qanunvericiliyin tələbinə görə, bizim namizədlərimiz 60 namizəddən az olarsa, onda hər bir namizəd özü üçün xüsusi seçki hesabı açmalıdır. Bizim də faktiki olaraq bu gün 23 nəfər namizədimiz var, yəni 60 namizəddən azdır. Ona görə də hər bir namizəd özü üçün xüsusi seçki hesabı açmalıdır. Amma "Beynəlxlaq Bank”ın filiallarında yenə də bizdən yersiz sənədlər, partiyanın nizamnaməsinin və şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətini tələb edirlər. Yəni qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb edirlər və seçki hesabı açmaqdan imtina edirlər”.

"Parlament seçkiləri kampaniyasının keçirilməsi  həmin o oliqarxların maraqlarına ciddi şəkildə maneə olur”

"Bu maneələri yaratmaqda məqsəd nədir” sualını T. Əliyev belə cavablandırdı: "Mənim başa düşdüyüm budur ki, istər dairə seçki komissiyalarında, istərsə də "Beynəlxalq Bank”ın filiallarında işləyən əməkdaşların böyük əksəriyyəti ya yerində deyil, ya da ola bilsin ki, doğurdan da hakimiyyət tərəfindən bu seçkiyə qoşulan müxalifət partiyalarına maneçilik  yaradılması ilə bağlı sifariş var. Mən burada üçüncü bir məsələni görürəm, amma bunu daha çox sezirəm. Qarşıdan gələn 2020-ci ilin 9 fevral tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərini hakimiyyət içərisində müəyyən bir qrup var ki, sanki bunu sobataj edirlər. Mən bu ehtimalın üzərində daha ciddi dayanıram. Çünki bu parlament seçkiləri növbədənkənar parlament seçkiləridir. Əslində, növbəti parlament seçkiləri gələn il noyabr ayında keçirilməliydi, amma parlament buraxıldı. Parlament buraxılandan sonra hakim komandanın özünün verdiyi bəyanatda göstərilir ki, bu parlament tamamilə fərqli bir parlament olacaq. Hətta orada özlərinin dediyinə görə, sürprizlər, yeni simalar olacaq.  Oliqarxlar var idi ki, orada birinin 5, birinin 10, birinin də 20 deputatı var idi,  parlamenti doldurmuşdular, "ölü canlar” idi. Amma indi yeni parlamentin yaradılması və yeni parlament seçkiləri kampaniyasının keçirilməsi həmin oliqarxların, qrupların maraqlarına çox ciddi şəkildə maneə olur. Hesab edirəm ki, bu əngəlləri onlar yaradır. Çünki elə dairə olub ki, sənədləri verirsən, rahat qəbul edirlər, elə dairə də var ki, gedirsən, yüz əngəllə üzləşirsən. "Beynəlxalq Bank”ın elə filialı var ki, heç bir problem olmadan xüsusi seçki hesabını açır, səni yola salır, amma elə banklar var ki, 100 sənəd sadalayır. Hansı ki, bu bank hesabının açılması 5-10 dəqiqə vaxt çəkər, amma bu gün namizədimiz var ki, 3 gün ərzində həmin bankda bir dənə hesabı aça bilmir”.

"Düşünülmüş şəkildə yaradılmış süni əngəllər bizim vaxt resursumuzu əlimizdən alır”

Seçki kampaniyasının əvvələr 120 gün olduğunu xatırladan T. Əliyev qeyd etdi ki, onda bizim böyük vaxt resursumuz var idi: "Yeni Seçki Məcəlləsinə görə, bu, 60 gün oldu. Seçki prosesinə girən bir insan, xüsusən müxalif partiya kimi, zaman resursu bizim üçün qızıldır. Mən biri işi ki, 10 dəqiqəyə görməliyəm, onu niyə 3 günə görməliyəm? Axı, mənim vaxt resursum əlimdən çıxıb, başqa təşkilati işləri görə bilmirəm. Yəni düşünülmüş şəkildə yaradılmış süni əngəllər bizim vaxt resursumuzu əlimizdən alır. Ona görə də biz bu seçki kampaniyalarına yaxşı təşkilatlanmış şəkildə gedə bilmirik. Problem budur. Ona görə də mən hesab edirəm ki, bu seçki kampaniyasını sanki bu hakimiyyətin içərisində sobataj edən qüvvələr var. Mən şəxsən bu ehtimalın üzərində daha ciddi dayanıram”.

"Sanki elə bir qüvvə var ki, hər addımda bu kampaniyaya bir badalaq vursunlar”

ADP-nin Seçki Qərargahının rəhbəri üzəşdikləri bu problemlərlə bağlı dəfələrlə Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxladığını diqqətə çatdırdı: "Hətta onlar da deyir ki, axı, biz dairə seçki komissiyalarına belə bir tapşırıq verməmişik. Dairə seçki komissiyaları hər şeyi Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirirlər. Mərkəzi Seçki Komissiyasi ilə da danışanda deyirlər, "təlimat var, təlimatda belə nəzərdə tutulub ki, hər bir partiya 60 dairədən aşağıdırsa, onların hər bir namizədi "Beynəlxalq Bank”ın istənilən bir filialında xüsusi seçki hesabı aça bilər. Bu, qanunvericiliyə uyğun qaydadır”. Onlar deyirlər, belə problem olanda bizimlə əlaqə saxlayın, amma əlaqə də saxlayanda bir çox hallarda problem yenə də həll olunmur. Ona görə, görünən odur ki, bunu sanki sobataj edən qüvvələr var.  Mən bunu real görürəm. Çünki parlament buraxılıb. Parlament buraxılmamışdan əvvəl hakimiyyətin yuxarı eşalonunda bir çox məmurların "vurulması”, sıradan çıxarılması, onların da yeni keçirilən parlament seçkilərinə maraqlı olmaması dediyim bu ehtimalı daha da gücləndirən faktordur. Ona görə də ölkə başçısına və buna məsul olan dövlət orqanlarına biz çağırış edirik ki, bu seçki kampaniyasını sobataj edən qüvvələri durdursunlar. Çünki hələ birinci mərhələdir. Biz hələ namizədliyimizi irəli sürmüşük. Birinci mərhələdə bu problemlər həddindən artıq çoxdur. Mənim bu vaxta qədər 20 illik seçki təcrübəm var. Biz blok, partiya şəkilində də seçkilərdə iştirak etmişik, amma mən bu qədər nə fiziki, nə də mənəvi baxımdan yorulmamışdım. Özü də ki, 20-22 nəfərlə seçki kampaniyasına qoşulmuşuq. Sanki elə bir qüvvə var ki, hər addımda bu kampaniyaya bir badalaq vursunlar, insanları seçkilərdən iyrəndirsinlər,  seçkilərə gəlməməyə məcbur eləsinlər. Proses aşkar sezilir”.

"Axı, sən insanların əlindən vaxt resursun alırsan...”

T. Əliyev nəzərə çadtırdı ki, bu gün (red. - dünən) ölkədə bələdiyyə seçkiləri keçirilir: "Bu bələdiyyə seçkilərini bəhanə edib, bəzi dairələrdə deyirlər ki, ayın 25-də gəlib sənədlərini verərsən.  Yaxşı, Mən 25-də sənədləri verməliyəm, 5 gündən sonra da bayramdır, onda da bayramı bəhanə edəcəksən, ondan sonra da bunun 10 gün  vaxtı qalır. Bu müddətdə 500 imza toplanmalıdır, sənədlər hazırlanmalıdır, yenə də dairə seçki komissiyasına təqdim olunmalıdır. Axı, sən insanların əlindən vaxt resursun alırsan. Bu gün sənədlərin düzgün verilməməsi, bank hesabının açılmaması nə qədər  insanların seçki kamapniyasına  problem yaradır. Yəni bu süni maneələr, bürokratik əngəllər, yersiz sənədlərin tələb olunması, təkrar altını cızaraq deyirəm ki, sanki hakimiyyətin içərisində bunu sobataj edən qüvvələrin işidir”.

 Hurriyyet.org