Türkiyə və Ukraynada seçkilər keçirilir
Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla saat 07.00-dan 16.00-dək, digər bölgələrdə isə saat 08.00-dan 17.00-dək davam edəcək.
Seçki məntəqələrinə 194 min 390 səsvermə qutusu qoyulub. Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Seçkilərdə 30 böyükşəhər bələdiyyəsi, 81 vilayət və 922 rayon bələdiyyəsinə aid 1389 yer uğrunda 8270 namizəd mübarizə aparacaq.
Bu gün eyni zamanda Ukraynada prezident seçkiləri keçiriləcək. Seçkilərlə bağlı Ukrayna Təhlükəsizlik Xidməti martın 30-dan gücləndirilmiş iş rejiminə keçib. "Alfa” qrupu Ukrayna şəhərlərinin küçələrini, vağzallarını, aeroportlarını mühafizə edəcək.
Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Beş nəfər sonradan namizədliyini geri götürüb. Seçki bülletenlərində 39 namizədin adı qeyd olunub.
Keçirilən sorğulara görə, qarşıdakı seçkilərdə lider üçlüyə cari Prezident Petro Poroşenko, "Batkivşina" lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski daxildir.
Ukraynadakı seçikləri müşahidə edəcək parlamentarilər arasında azərbaycanlı millət vəkilləri də var. Bunlar Naqif Həmzəyev, Azər Kərimli və Rüfət Quliyevdir.